Brüssel meriyasına Şimal vağzalı ətrafında rayonun təhlükəsiz olmadığı barədə xəbərdarlıq edilib
Brüssel, 6 may, AZƏRTAC
Brüsselin Şimal vağzalı ətrafındakı rayonda yerləşən mağaza sahibləri və sakinlər paytaxt merinə petisiya təqdim ediblər. Müraciətdə şəhərin bu hissəsində kriminogen vəziyyətin səviyyəsi ilə bağlı vəziyyətə təcili şəkildə müdaxilə etmək tələb olunur. Həm sakinlər, həm də bu rayonda işləyənlər bu yerin həddən artıq təhlükəli olmasından danışır.
AZƏRTAC bu barədə xüsusi müxbirinin bu rayonda yaşayan və həmin petisiyanı imzalayan tanışı ilə söhbətinin yekunlarına istinadla xəbər verir.
Respondent jurnalisti vəziyyətin dözülməz olmasına inandırır. Günün ikinci yarısında və axşama doğru burada müdafiəsizlik və cəzasızlıq hökm sürür. “Xeyli sayda gənclər və qaçqınlar stansiya ətrafında mənasız, boş-boşuna gəzərək kimisə soymaq və ya kiməsə narkotik sırımaq axtarışındadırlar. Dalaşmalar, narkotiklərin qəbulu baş verir, hətta küçələrin səkisində narkotik maddələrin yüksək dozada qəbulu hallarına da rast gəlinir. Səhərlər ətraf zibillə dolu olur. Bütün bunların yanından keçib uşaqları məktəbə necə yola salmaq mümkündür?”, - deyə həmsöhbətim hiddətlənir.
Şikayətçi bildirir ki, o, bu vəziyyətlə hər gün, evinin yaxınlığında yerləşən aptekə işə gedəndə rastlaşır. “Mən ətrafda zibil görürəm. İnsanlar aptekin yanında, düz girişində yatırlar. Səkilərdə şprislər səpələnib. Xəstə insanların çoxu hücuma məruz qalmaqdan qorxaraq axşamlar aptekə gəlməyə çəkinirlər. Biz yalnız küçədə təhlükəsizlik istəyirik. Belçika heç vaxt belə olmayıb. Biz bu gedişlə haraya gedirik?”
Onun sözlərinə görə, bu rayonda təhlükəsizliyin olmaması ucbatından apteklərin gəliri aşağı düşür.
“Polis idarəsi narkotiklərlə, dalaşmalarla mübarizə apara bilər və buna borcludur. Qaçqınlara gəldikdə isə, onlara küçə deyil, sığınacaq lazımdır”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel