BU İL AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİ 3 MİN 900-DƏN ÇOX TƏLƏBƏ BİTİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 2007-2008-ci tədris ilinin məzunları ilə təntənəli görüş olmuşdur.
ADİU-nin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, professor Şəmsəddin Hacıyev xalqımızın ümummilli lideri, qüdrətli dövlət xadimi Heydər Əliyevin gənclərə və təhsilimizə göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Bu il respublikamızda növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladan rektor bu seçkilərdə də xalqımızın ölkə başçısı İlham Əliyevi yekdilliklə dəstəkləyəcəyinə inandığını vurğulamışdır.
2007-2008-ci tədris ilində ADİU-nu, ümumilikdə, 3 min 912 bakalavr və magistr bitirir. Bakalavrlardan 334-ü, magistrlərdən isə 234-ü fərqlənmə diplomuna layiq görülmüşdür.
Professor Ş.Hacıyev məzunları təbrik etmiş, onlara xoş arzularını bildirmişdir.
Təhsil naziri Misir Mərdanov ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əhəmiyyətini qeyd edən nazir bu proqram çərçivəsində çoxlu sayda azərbaycanlı gənclərin xarici ölkələrin ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərildiyini diqqətə çatdırmışdır.
Digər natiqlər də məzunları təbrik etmiş, onların Vətənə layiqincə xidmət edəcəklərinə əmin olduqlarını söyləmişlər.
Təhsildə yüksək nəticələr əldə etmiş məzunlara diplomlar təqdim edilmişdir.
Sonra maraqlı konsert proqramı olmuşdur.