Bu il Füzuli Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq
Füzuli, 25 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2019-cu ildə Füzuli Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev məlumat verib. Direktor bildirib ki, bu il teatrın səhnəsində Sahib İbrahimlinin “Sadığın toyu”, Əli Səmədlinin “Əhmədin vəfalı xoruzu”, Yusif Əzimzadənin “Nəsrəddin”, Abdulla Şaiqin “Bir saat xəlifəlik” əsərləri tamaşaya qoyulacaq.
Hazırda teatrda Sahib İbrahimlinin “Sadığın toyu” tamaşasının məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Tamaşada əsas rollarda Əli Hüseynov, Sevinc Məmmədova, İntizar Quliyev, Habil Hacıyev, Qaçaq Qarayev, Sehran Xanlarov və başqaları çıxış edirlər. Tamaşa fevral ayında teatrsevərlərə təqdim olunacaq.
Vaqif Vəliyev teatrın ötənilki fəaliyyəti ilə bağlı da məlumat verib. Bildirib ki, 2018-ci ildə teatrda Elçin Əfəndiyevin "Qatil", Nicat Kazımovun "Ələddinin sehrli çırağı", Əhməd Orucoğlunun "Nənənin kələyi", Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah" əsərləri səhnələşdirilib. Teatr, həmçinin Ağcabədi, Beyləqan və Füzuli rayonları ərazilərində yerləşən "N" saylı hərbi hissələrdə konsert-tamaşa proqramı ilə çıxış edib.