BÜLƏND ARINC: MOSKVA İLƏ ANKARA ARASINDA YAXŞI MÜNASİBƏTLƏR YARANMIŞDIR
O vurğulamışdır ki, parlamentlər arasında əlaqələri genişləndirməyin böyük əhəmiyyəti var, çünki ali qanunverici orqanlar xalqı bilavasitə təmsil edirlər.
Bülənd Arınc demişdir: “İndi bu əlaqələr ən müxtəlif beynəlxalq sahələrdə möhkəmlənərək genişlənir. Məsələn, ticarət-iqtisadi tərəfdaşlığın nəticələrinə nəzər salsaq görərik ki, 2005-ci ildə Türkiyə-Rusiya əmtəə dövriyyəsinin həcmi 15 milyard dolları keçmişdir. Bu, tamamilə heyrətamiz rəqəmdir və o deməkdir ki, Rusiya Federasiyası ilə Türkiyə Respublikası aparıcı ticarət tərəfdaşlarına çevrilir. Üstəlik, Ankara və Moskva bu göstəricini 2007-ci ilədək 25 milyard dollara çatdırmaq niyyətindədir”.
Parlament sədri qeyd etmişdir ki, iki ölkə arasında turizm əlaqələri də sevindiricidir. O demişdir: “Türkiyəyə ən çox turist Rusiyadan gəlir - ildə təxminən 2 milyon nəfər. Əminəm ki, Moskva, Sankt-Peterburq və Rusiyanın digər mədəni və tarixi yerləri ilə tanış olmaq istəyən Türkiyə vətəndaşlarının sayı da tezliklə artmağa başlayacaqdır”.
Arınc bildirmişdir ki, Türkiyə energetika və atom elektrik stansiyalarının tikintisi kimi sahələrdə yüksək texnologiyalara və böyük kapitala malik Rusiya ilə əməkdaşlıqda maraqlıdır. O demişdir: “Qarşılıqlı fəaliyyət sahəsi çox genişdir. Dünya əhəmiyyətli layihələrin həyata keçirilməsi sahəsində ölkələrimiz bütün planet miqyasında işgüzar tərəfdaşlar olacaqdır”.