BUNDESTAQIN NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA GƏLİR
Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaus Qrevlixin iyulun 17-də keçirilmiş mətbuat konfransında qarşıdakı səfərin proqramından və Almaniya-Azərbaycan iqtisadi münasibətlərinin inkişaf perspektivlərindən söhbət getmişdir.
Səfir bildirdi ki, səfər zamanı Bundestaq deputatları Milli Məclisin sədri Murtuz Ələsgərov, parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov tərəfindən qəbul ediləcək, Xarici İşlər, İqtisadi İnkişaf nazirliklərində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olacaq, müxtəlif ictimai təşkilatların nümayəndələri ilə görüşəcəklər.
Səfir AZƏRTAC müxbirinin qarşıdakı səfərin məqsədi barədə sualına cavab verərək qeyd etdi ki, məqsəd İmişli şəhərində həyata keçirilmiş Azərbaycan-Almaniya birgə layihələrinin nəticələri ilə tanış olmaq və Sabirabad rayonunda qaçqın düşərgələrinə getməkdir. Cənab Qrevlix Almaniya hökumətinin Azərbaycana iqtisadi yardım kimi 270 milyon avro ayırdığını vurğulayaraq dedi ki, bu vəsaitin 108 milyonu iki ölkə arasında maliyyə münasibətlərinin inkişaf etdirilməsinə xərclənmişdir.
Klaus Qrevlix sonda bildirdi: “Azərbaycanın çox böyük iqtisadi və insan potensialı var. Son illər respublikanın rəhbərliyinin gördüyü tədbirlər sayəsində Azərbaycanın nüfuzu xeyli yüksəlmişdir. Almaniya sahibkarları Azərbaycan iqtisadiyyatına iri məbləğdə kapital qoymaqda maraqlıdırlar. Ümidvaram ki, qarşıdakı səfər Almaniya ilə Azərbaycan arasında hərtərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir”.