BÜTÜN QÜVVƏLƏR DÖVLƏTİMİZİN DAXİLİ VƏ XARİCİ QÜDRƏTİNİN ARTIRILMASINA YÖNƏLDİLMƏLİDİR
Səhər iclasında müdafiə naziri Səfər Əbiyev, daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, ədliyyə naziri Fikrət Məmmədov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev çıxış etmişlər.
Müdafiə naziri Səfər Əbiyev ordu quruculuğunda ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərindən, ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nazirliyin qarşısında qoyduğu vəzifələrdən və onların yerinə yetirilməsi istiqamətində görülən işlərdən söhbət açmışdır. Daxili işlər naziri Ramil Usubov çıxışında müşavirənin əhəmiyyətini vurğulayaraq demişdir ki, bu tədbir səfirliklərimizin və digər diplomatik nümayəndəliklərimizin fəaliyyətinin gücləndirilməsinə, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişlənməsinə şərait yaradacaqdır. Xarici siyasətin milli təhlükəsizlik anlamı ilə sıx bağlı olduğunu xatırladan milli təhlükəsizlik naziri Eldar Mahmudov ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında iştirak edən dövlət strukturlarının sıx və işgüzar qarşılıqlı əlaqələrinin formalaşdırılmasının və bunun vahid mexanizm forması almasının vacibliyini vurğulamışdır. Dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyev rəhbəri olduğu qurumun xarici əlaqələrinin inkişafında beynəlxalq təşkilatlarla münasibətlərin xüsusi yer tutduğunu bildirmişdir.
Çıxışlardan sonra müzakirələr olmuş, səfirlər onları maraqlandıran suallara cavab almışlar. Əsasən xaricdə konsulluqda qeydiyyatda duran Azərbaycan vətəndaşlarının ümumvətəndaş pasportunun müddəti bitdiyi təqdirdə onun vaxtının uzadılması və ya yenisi ilə əvəz edilməsi məsələsinin asanlaşdırılması mexanizminə dair təkliflər irəli sürülmüşdür. Daxili işlər naziri Ramil Usubov bu məsələnin Xarici İşlər Nazirliyi ilə birlikdə nəzərdən keçiriləcəyini bildirmişdir.
Fasilədən sonra müşavirə iqtisadi inkişaf naziri Fərhad Əliyev, vergilər naziri Fazil Məmmədov, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, maliyyə nazirinin birinci müavini İlqar Fətizadənin iştirakı ilə öz işini davam etdirmişdir. Ölkəmizdə səmərəli iqtisadi islahatların aparıldığını vurğulayan iqtisadi inkişaf naziri Fərhad Əliyev səfirlərin biznes mühitinin yaxşılaşdırılması, xaricdə təcrübə keçən iş adamlarına lazımi şərait yaradılması sahəsində, habelə TRASEKA proqramına üzv olan ölkələrin səfirlikləri ilə intensiv iş aparmasının vacib olduğunu söyləmişdir.
Vergilər naziri Fazil Məmmədov əlavə dəyər vergisi tutulmasının qarşılıqlı aparılmasının, işlədikləri ölkələrdə iqtisadi proseslərlə bağlı arayışların hazırlanmasında səfirlərin fəallığının yüksəldilməsinin zəruriliyini qeyd etmişdir. Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev beynəlxalq yarışların təşkilində səfirliklərimizin nümayəndələrinin yaxından iştirak etməsinin, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, konsulluqlarının respublikamızın turizm şirkətlərinə şərait yaratması üçün nazirliyə kömək göstərmələrinin vacibliyini diqqətə çatdırmışdır. Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə öz çıxışında büdcəyə nəzarətin gücləndirilməsinin vacibliyindən, səfirliklərdə xidməti avtomobildən istifadə qaydalarından, milli bayramların qeyd edilməsi ilə bağlı normativ sənədlərin hazırlanmasından söhbət açmışdır.
Qaldırılan məsələlər ətrafında müzakirələrdə səfirlər, əsasən, bank əməliyyatları zamanı rüsumların tutulması ilə əlaqədar qarşıya çıxan problemlərlə bağlı vergilər və maliyyə nazirliklərinin nümayəndələrinə müraciət etmişlər. Səfirləri maraqlandıran digər vacib məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Fasilədən sonra Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov, mədəniyyət naziri Polad Bülbüloğlu, təhsil naziri Misir Mərdanov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov müşavirədə çıxış etmişlər. Parlamentlərarası tədbirlərdə iştirak etmək üçün xarici ölkələrə səfər edən deputatların səfirliklərlə birgə fəaliyyətinin əlaqələndirilməsinin vacibliyindən danışan Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə bununla bağlı xarici işlər naziri Elmar Məmmədyarovun parlamentə yazılı müraciətinin yüksək qiymətləndirdiyini bildirmişdir. Qaçqınlara və məcburi köçkünlərə humanitar yardım göstərilməsinin diqqət mərkəzində olduğunu söyləyən Baş nazirin müavini Əli Həsənov səfirliklərin beynəlxalq maliyyə qurumları ilə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulamışdır. Azərbaycan mədəniyyəti və incəsənətinin xaricdə təbliği sahəsində səfirliklərin yaratdıqları şəraitdən danışan mədəniyyət naziri Polad Bülbüloğlu diplomatik missiyalarda bu məsələ ilə məşğul olan attaşelərin təyin edilməsi və onların əvvəlcə Mədəniyyət Nazirliyində təcrübə keçməsi barədə təklif irəli sürmüşdür. Təhsil naziri Misir Mərdanov xarici ölkələrlə təhsil sahəsində ikitərəfli sazişlərin imzalanmasında, şagird, tələbə və magistr mübadiləsində, birgə elmi tədqiqatların aparılmasında, ölkəmizin beynəlxalq və regionlararası təhsil proqramlarına qoşulmasında Xarici İşlər Nazirliyi ilə gələcəkdə də birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətindən danışmış və xaricdə təhsil alan tələbələrə səfirliklərimiz tərəfindən kömək göstərilməsinin vacib iş olduğunu bildirmişdir.
Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan diasporu ilə intensiv iş aparılmasının ölkəmizin milli maraqları üçün vacibliyini vurğulayaraq, bu sahədə XİN vasitəsilə səfirliklərlə birgə əməkdaşlığın zəruri olduğunu qeyd etmişdir.
Çıxışlardan sonra müzakirələr davam etdirilmişdir. Səfirlər diplomatik korpusun ölkəmizə aid audio, videokasetlər, kitablar, bukletlər və suvenirlərdən ibarət təbliğat materialları ilə təmin olunmasına dair təkliflə Baş nazirin müavini Əli Həsənova, azərbaycanlı tələbələrin xaricdə təhsil alması üçün vəsait ayrılmasından ötrü Dövlət Neft Fonduna müraciət olunması barədə təhsil naziri Misir Mərdanova və digər vacib məsələlərlə bağlı əlaqədar nazirlərə təkliflərini vermişlər.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
müşavirəyə yekun vurmuşdur.