Cari ilin birinci rübündə Nizami rayonunun əhalisinə müxtəlif tibbi xidmətlər göstərilmişdir
Bakı, 22 aprel (AZƏRTAC). Cari ilin birinci rübündə Nizami rayonunun əhalisinə müxtəlif tibbi xidmətlər göstərilmişdir.
AZƏRTAC xəbər verir ki, yanvar-mart aylarında rayonda bağırsaq infeksiyaları qrupu üzrə viruslu hepatit 21 faiz, o cümlədən viruslu hepatit A 5 hadisə, viruslu hepatit B 2 hadisə, skarlatina 3 hadisə, su çiçəyi isə 2 hadisə azalmışdır.
Hesabat dövründə xüsusi təhlükəli yoluxucu xəstəliklərdən sayılan qarın yatalağı, difteriya, göy öskürək, qızılca, məxmərək, quduzluq, vərəm meningenti və mütəşəkkil uşaq müəssisələrində bağırsaq infeksion xəstəlikləri qeydə alınmamışdır. Kəskin bağırsaq infeksiyalı xəstələrin 74,8 faizi xəstəxanaya yerləşdirilmişdir.
İlin birinci rübü ərzində profilaktik peyvəndlərin yerinə yetirilməsi mütəşəkkil qaydada təmin edilmişdir. Belə ki, yeni doğulmuşlara vərəm əleyhinə peyvənd 99,2 faiz, hepatit B əleyhinə 99,4 faiz, poliomielit əleyhinə isə 99,1 faiz yerinə yetirilmişdir.
Ümumilikdə göstərilən müddətdə uşaqlar arasında aparılmış peyvənd tədbirləri uşaq kontingentinin 99,3 faizini əhatə etmişdir. Obliqat qrup kontingentinin tibbi müayinədən keçirilməsi isə rayon üzrə 98,7 faiz olmuşdur.
Hesabat dövründə rayonda içməli su təchizatı üzərində ciddi sanitariya nəzarəti həyata keçirilmiş, əhaliyə verilən içməli su mənbələrində bakterioloji və kimyəvi müayinələr aparılmışdır. Bunun nəticəsidir ki, su faktoru ilə əlaqədar heç bir mədə-bağırsaq infeksiyası qeydə alınmamışdır.
Əhaliyə satılan ərzaq məhsullarının yararlılığı nəzarətə götürülmüş və bununla bağlı mütəmadi reydlər keçirilmişdir. Reydlər zamanı 26 kiloqram müxtəlif çeşidli yararsız ərzaq məhsulu məhv edilmişdir. Həmçinin, sanitariya qaydalarını pozduqlarına görə 26 nəfər hüquqi və fiziki şəxsə inzibati qaydada cərimə protokolu tərtib edilmiş, 23 obyektin fəaliyyəti müvəqqəti dayandırılmışdır. Bundan başqa, 32 nəfər dövrü tibbi müayinədən keçmədiklərinə görə işdən müvəqqəti kənarlaşdırılmışdır.