İQTİSADİYYAT
“Caspian Energy” jurnalının xüsusi buraxılışı çapdan çıxıb
![“Caspian Energy” jurnalının xüsusi buraxılışı çapdan çıxıb](/files/2014/3/1200x630/14099289102076612174_1200x630.jpg)
Bu barədə AZƏRTAC-a “Caspian European Club”dan məlumat verilib.
“Caspian Energy”nin bu nömrəsində Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin eksklüziv müsahibəsi dərc olunub. Jurnalda, həmçinin Xəzər-Qara dəniz regionu ölkələri iqtisadiyyatının nəqliyyat sektorunun inkişafı ilə bağlı materiallar, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun, Litva Respublikasının energetika naziri Yaroslav Neveroviçin, Xorvatiyanın Azərbaycan, Türkiyə, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandakı səfiri Drajen Xrastiçin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur Abdullayevin, “Grand Hotel Europe” otelinin baş meneceri Kemal Eratayın müsahibəsi, eləcə də “Keçid dövründə risklərin G-Global formatında idarə edilməsi” VII Astana İqtisadi Forumunun və II Dünya Antiböhran Konfransının yekunları yer alıb.
“Caspian Energy” jurnalı dünyanın 50 ölkəsində yayılır. Jurnalda MDB və Aİ dövlətlərinin prezident və baş nazirlərinin, o cümlədən nüfuzlu beynəlxalq təşkilatların, nəhəng transmilli şirkətlərin rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.
Jurnalın cari ildə işıq üzü görən əvvəlki nömrələrində Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin, İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkxalterin, Çex Respublikasının Prezidenti Miloş Zeemanın müsahibələri yer alıb.
Müxtəlif qiymətləndirmələrə görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrlərinin ilk beşliyinə daxildir. Bir çox sərmayədarlar adları qeyd olunan regionlarda özlərinin fəaliyyətini müəyyənləşdirmək üçün bu nəşrdən oriyentir kimi istifadə edirlər.