“CƏBRAYILIM: MÜQƏDDƏS TORPAQ” KİTABI TƏQDİM OLUNMUŞDUR
Birliyin katibi Rəşad Məcid tədbiri açaraq “Ekologiya” nəşriyyatında yenicə işıq üzü görmüş kitabın məziyyətlərindən danışmış, onun vətəndaşlıq mövqeyindən yazıldığını diqqətə çatdırmışdır. Əmin olduğunu bildirmişdir ki, bu kitab Qarabağın - cənnət guşənin, yolları üzümüzə bağlı Cəbrayılın azad edilməsi eşqi ilə yaşayan hər bir insanın döyünən ürəyinə yeni nəfəs verəcəkdir.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, tarix elmləri doktoru Əli Məmmədov, şair Teyyub Qurban, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli və başqaları tədbirdə çıxış edərək kitabın böyük zəhmət bahasına başa gəldiyini vurğulamışlar. Onun tarixi və ədəbi-publisistik şəkildə qələmə alındığını deyən natiqlər bildirmişlər ki, kitabda müəllif Cəbrayılın müdafiəsində rayon polis əməkdaşlarının hər birinin qəhrəmanlığından bir publisist kimi necə ürək yanğısı ilə, sərrast söz açırsa, onun yaşayış məskəni kimi qədim türk torpağı olmasından da tarixçi-tədqiqatçı kimi bəhs edir. Bununla bağlı kitabda arxiv materiallarına söykənən olduqca yeni dəlil və sübutlar verilir.
Kitabda Cəbrayıldakı 172 ziyarətgahın hər biri haqqında məlumatların verilməsi də gərgin əməyin nəticəsi kimi böyük maraq doğurur. Oxucuda doğru fikir formalaşdırmaq üçün müəllif yazır ki, Cəbrayılda bu sayda ibadət yerlərinin, pir, ocaq, ziyarətgah və səcdəgahların olması bir mənəviyyat məsələsidir. Bu müqəddəslik insana mənəvi sağlamlıq gətirir. Bəzən əli hər yerdən üzülən insan son ümid yeri kimi ocağa üz tutur.
Tədbirdə Qurbani məclisinin üzvü Aşıq Fatimə Cəbrayıllı Ə.Əroğulun qoşmasını ifa etmişdir.
Müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.