Cəbrayıllı məcburi köçkünlərin tibbi müayinəsi başa çatmaq üzrədir
Biləsuvar, 23 aprel (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq cəbrayıllı məcburi köçkünlərin profilaktik tibbi müayinəsi cədvələ uyğun aparılır.
Biləsuvar rayonunun ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələrdə, eləcə də respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan cəbrayıllıların tibbi müayinəsi artıq yekunlaşır.
Üç nömrəli qəsəbə sahə xəstəxanasında insanların müayinəsi üçün bütün imkanlar yaradılmışdır. Həyata keçirilən aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət peşəkar həkim briqadaları yaradılmış, müxtəlif müayinələr aparılmışdır.
Rayon icra hakimiyyəti başçısının müavini, əhalinin tibbi müayinəsi ilə yaradılmış komissiyanın sədri Fəridə İbayeva AZƏRTAC-a bildirmişdir ki, 11 qəsəbədə 19 min, ümumilikdə isə rayon üzrə 67 minə yaxın insanın tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Artıq 11 qəsəbədə, Bakı, Sumqayıt şəhərləri və respublikanın 58 rayonunda məskunlaşan cəbrayıllı məcburi köçkünlərin 55614 nəfəri müayinədən keçirilmişdir. Rayon icra hakimiyyətində yaradılmış xüsusi komissiya və qərargah isə əhalinin fəallığını yüksəltmək üçün təşkilatı tədbirləri daha da gücləndirmişdir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Hüseyn Əhmədov isə demişdir ki, tibbi müayinələrin yüksək səviyyədə keçirilməsi üçün 50 çarpayılıq sahə xəstəxanası, altı feldşer-mama və beş həkim briqadası 147 tibb personalı gücləndirilmiş iş rejimində çalışır. Həkim briqadaları zərurət yarandıqda evlərdə də müayinə aparırlar. Aksiya cəbrayıllı məcburi köçkünlər üçün təkcə Biləsuvar rayonu ərazisindəki şəhərcikdə deyil, həm də məskunlaşdıqları şəhər və rayonların tibb ocaqlarında da keçirilir. Aprelin 23-dək müayinədən keçirilmiş sakinlərdən xəstəlik aşkar edilmiş 4151 nəfəri ambulator, 466 nəfəri isə stasionar müalicəyə cəlb olunmuş, 322 nəfər isə Bakı şəhərinə göndərilmişdir.