CƏBRAYILLILAR ÖLKƏ BAŞÇISININ DAXİLİ VƏ XARİCİ SİYASƏTİNİ DƏSTƏKLƏYİR, DOĞMA TORPAQLARA QAYIDACAQLARINA İNANIRLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Cəbrayıl Rayon İcra Hakimiyyətində 2007-ci ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə cəbrayıllıların Biləsuvar rayonu ərazisində yığcam yaşadığı 3 saylı qəsəbədə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoymuşlar.
Rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərini hələ 2003-cü ildə, seçkilər ərəfəsində ölkənin bir nömrəli problemi elan etmiş, onların sosial vəziyyəti və mənzil-məişət şəratinin yaxşılaşdırılması ilə bağlı 16 fərman və sərəncam imzalamışdır. Dövlət başçısının 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş müvafiq Dövlət Proqramına uyğun olaraq bütün kommunal şəraiti olan qəsəbələr salınmışdır. Prezidentin son çadır düşərgələrinin ləğvi barədə verdiyi vəd nəzərdə tutulduğundan bir ay tez yerinə yetirilmişdir. Natiq xüsusi minnətdarlıqla xatırlatmışdır ki, bu müddət ərzində ölkə başçısı iki dəfə - 2005-ci ilin iyununda və 2007-ci ilin sentyabrında qaçqın və məcburi köçkünlərin problemləri ilə əlaqədar geniş müşavirələr keçirmiş, onların qarşılaşdığı problemləri ətraflı təhlil etmiş, müvafiq qurumlara qəti göstərişlər vermişdir.
Bildirilmişdir ki, 2007-ci ildə rayon üzrə 5 milyon 649 min manatlıq ümumi məhsul - 7300 ton taxıl, 80 ton pambıq, 3663 ton süd, 462 ton ət, 99 ton yun istehsal edilmişdir. Qara malın sayı 8960-a, davarın sayı 99969-a, quşların sayı isə 34760-a çatdırılmışdır.
Maliyyə idarəsinin müdiri Famil Balayev, təhsil şöbəsinin müdiri Validə Həsənova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Arif Fərzəliyev, gənclər və idman idarəsinin rəisi Emil Məstəliyev müzakirələrdə çıxış etmişlər. Natiqlər ölkə başçısının yeritdiyi daxili və xarici siyasəti dəstəklədiklərini bildirmiş, növbəti prezident seçkilərində yekdilliklə ona səs verəcəklərini vurğulamışlar. Onlar doğma torpaqlara qayıdacaqlarına inandıqlarını bəyan etmişlər.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dünyaya inteqrasiya edən Azərbaycanın böyük iqtisadi və siyasi uğurları, perspektivləri, qaçqınların və məcburi köçkünlərin problemləri ilə bağlı həyata keçiriləcək tədbirlər barədə məlumat vermişdir.
Milli Məclisin deputatı Aslan Şahverdiyev yığıncaqda çıxış etmişdir.
Yığıncaqda Prezidentin İcra Aparatının məsul əməkdaşı Rövşən Ağayev, Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov iştirak etmişlər.