CƏBRAYILLILAR PREZİDENTİN UĞURLA DAVAM ETDİRDİYİ MİLLİ STRATEGİYANIN REALLAŞDIRILMASINDA ONA DƏSTƏKLƏRİNİ ƏSİRGƏMƏYƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Cəbrayıl Rayon İcra Hakimiyyətində cari ilin doqquz ayının yekunları ilə bağlı keçirilən hesabat yığıncağında görülən işlər ətraflı təhlil edilmiş, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
İdarə, müəssisə, təşkilat rəhbərlərinin, ictimai birliklərin, qeyri-hökumət təşkilatları nümayəndələrinin, iş adamlarının, ziyalıların və ağsaqqalların iştirak etdikləri yığıncaqda rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin oktyabrın 22-də keçirilən iclasında dövlətimizin başçısının giriş və yekun nitqlərində səslənmiş fikirləri, qarşıya qoyulmuş vəzifələri xatırlatmış, hesabat dövründə Azərbaycan iqtisadiyyatında qazanılmış uğurlardan danışmışdır.
İcra hakimiyyətinin başçısı bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın sosial şəraitinin yaxşılaşdırılmasını həmişə diqqət mərkəzində saxlayır, ölkəmizin iqtisadiyyatı inkişaf etdikcə əhalinin bu təbəqəsinin rifah halının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görür. Təsadüfi deyildir ki, son dörd ildə iki dəfə - 2005-ci ilin iyununda və 2007-ci ilin sentyabrında qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir.
Natiq demişdir ki, rayon əhalisinin sosial vəziyyəti ilbəil yaxşılaşır. Cəbrayıllıların banklarda olan əmanətlərinin məbləği təqribən 6 dəfə artaraq 2003-cü ildəki 37 min manatdan bu ilin 9 ayında 221 min manata çatmışdır. Rayonun gəlir və xərcləri də nəzərə çarpacaq dərəcədə artmışdır. Rayon büdcəsi əsasən Maliyyə Nazirliyindən verilən dotasiya hesabına formalaşır. Hesabat dövründə rayon büdcəsinin mədaxil hissəsi 95,9 faiz, məxaric hissəsi isə 85,7 faiz icra edilmişdir.
Məlumat verilmişdir ki, Cəbrayılın erməni silahlı qüvvələrinin işğalı altında olması əhalinin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından bəhrələnməsində problem yaratsa da, ulu öndər Heydər Əliyevin 2002-ci il 13 may tarixli Fərmanı ilə Biləsuvar ərazisində salınmış 2560 ailəlik 6 qəsəbədə yaradılmış şərait bu problemləri qismən də olsa aradan qaldırmağa imkan vermişdir. Ümumilikdə Dövlət Proqramı çərçivəsində rayonun fəaliyyəti bərpa edilmiş, yeni yaradılmış idarə və müəssisələrdə, fiziki şəxslərin yaratdığı xidmət obyektlərində 745 nəfər daimi işlə təmin edilmişdir. Hesabat dövründə cəbrayıllıların sıx məskunlaşdığı yeni qəsəbələrdə 3 min 700 nəfər mövsümi kənd təsərrüfatı işlərinə, 1000 nəfərdən yuxarı sakin isə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş müvafiq Dövlət Proqramına əsasən Biləsuvar rayonu ərazisində salınan 1858 ailəlik qəsəbədəki evlərin tikintisinə cəlb olunmuşlar.
“Aqrolizinq” Səhmdar Cəmiyyətinin rayonda yaradılmış “Aqroservis” xidməti kənd təsərrüfatı məhsulları istehsalında problemlərin əsaslı şəkildə həlli üçün texniki təminat yaratmışdır. Hazırda bu sahədə çalışanların əkin və məhsul yığımı zamanı üzləşdikləri problemlər əsasən aradan qaldırılmışdır. Ölkə Prezidenti tərəfindən aqrar sektorun inkişafına göstərilən qayğının nəticəsidir ki, hazırda respublikamızın 26 kənd rayonunda məskunlaşmış 3500-dən çox cəbrayıllı ailənin şəxsi təsərrüfatında 8890 baş iribuynuzlu, 97562 baş xırdabuynuzlu heyvan, 31000 başdan çox ev quşları vardır. Ötən ilin eyni dövrü ilə müqayisədə qaramalın sayı 340 baş, davarların sayı 2591 baş, quşların sayı isə 515 baş artmışdır.
İlkin hesablamalara görə, 9 ayda ət istehsalı 340 tona, süd istehsalı 210 tona, yun istehsalı 99 tona çatdırılmışdır ki, bu da ötən ilin eyni dövründəkindən xeyli çoxdur.
Məruzəçi rayonda təhsil sahəsində qazanılmış uğurlar, gənclərin asudə vaxtının səmərəli təşkili, milli-mənəvi dəyərlərin qorunması, əhalinin sosial müdafiəsi, səhiyyə xidməti, mədəni-maarif müəssisələrinin fəaliyyəti, ödəniş sistemində plastik kartlara keçid, qəsəbələrdə infrastruktur yaradılması, su ilə təminatın yaxşılaşdırılması, abadlıq və quruculuq işləri, qışa hazırlığın vəziyyəti haqqında da söz açmış, problemləri xatırlatmışdır.
Həm rayon icra hakimiyyətinin başçısı, həm də digər çıxış edənlər xüsusi vurğulamışlar ki, Prezidentin Nazirlər Kabinetinin iclasında ordu quruculuğu, ordu potensialımızın güclənməsi haqqında dedikləri Cəbrayıl sakinlərində qürur hissi doğurmuş, torpaqlarımızın azad ediləcəyinə inamı möhkəmləndirmişdir. Onlar ölkə başçısını əmin etmişlər ki, cəbrayıllılar bundan sonra da dövlətə və dövlətçiliyimizə, Heydər Əliyev siyasi kursuna sadiq qalacaq, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli strategiyanın reallaşdırılmasında ona dəstəklərini əsirgəməyəcəklər.
Yığıncaqda Prezidentin İcra Aparatının məsul işçisi Rövşən Ağayev və Milli Məclisin deputatı Astan Şahverdiyev iştirak etmişlər.