CEDAW KONVENSİYASI ÜZRƏ HESABATLARIN HAZIRLANMASI İLƏ BAĞLI TƏLİM KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşəbbüsü ilə aprelin 15-də “Park İNN-Azərbaycan” mehmanxanasında BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin üzvü və eksperti Navamane Ratna Patten dövlət qurumlarında gender məsələlərinə məsul şəxslər üçün təlim keçmişdir.
Təlimdə BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın həyata keçirilməsi üzrə dövri hesabatların yazılması qaydaları haqqında məlumat verilmişdir.
Tədbirin əhəmiyyətindən danışan komitənin sədri H.Hüseynova bildirmişdir ki, bu təlim Azərbaycan Hökumətinin Konvensiya üzrə növbəti dövri hesabatlarının yüksək səviyyədə hazırlanması və BMT-yə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Konvensiyaya 1995-ci ildə qoşulmuş, 2001-ci ildə sənədə Əlavə Protokolu ratifikasiya etmişdir. Həmin dövrdən etibarən ölkəmizdə qadınların ictimai, siyasi, iqtisadi həyatda fəallıqları nəzərəçarpacaq dərəcədə artmışdır. Qanunlarımız təkmilləşdirilmiş, yeniləri qəbul edilmiş, qanunvericilik beynəlxalq müqavilələrə uyğunlaşdırılmışdır. Konvensiyanın həyata keçirilməsi üzrə sonuncu dövri hesabat 2004-cü ildə BMT-nin müvafiq Komitəsinə təqdim edilmişdir.
BMT-nin Əhali Fondunun (UNFPA) ölkəmizdəki nümayəndəliyinin gender və ictimai əlaqələr üzrə müşaviri Nigina Abaszadə və İnsan Hüquqları üzrə Ali Komissarlığın Cənubi Qafqaz üzrə regional nümayəndəsi Vladlen Stefanov Konvensiyanın müddəalarının həyata keçirilməsinin vacibliyini qeyd etmişlər.
R.Patten Konvensiyanın mahiyyəti, prinsipləri barədə məlumat vermiş, CEDAW və ona Əlavə Protokolun həyata keçirilməsi istiqamətində dövlət öhdəliklərini diqqətə çatdırmışdır.
Sonda iştirakçılara beynəlxalq sertfikatlar verilmişdir.