Cəlilabad rayonunda elmi-praktiki konfrans keçirilib
Bakı, 31 may, AZƏRTAC
Cəlilabad rayonunun Heydər Əliyev Mərkəzində C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri, Cəlilabad və ətraf rayonlardan gələn kardioloqlar, terapevtlər, reanimotoloqlar, təcili tibbi yardım həkimləri iştirak edib.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, konfransda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov çıxış edib.
Eyni zamanda, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilib.
Aksiya zamanı qeyd edilən həssas kateqoriyalardan olan 100-dən çox vətəndaş kardioloji, endokrinoloji, nevroloji və nefroloji müayinələrdən keçib, EKQ, ExoKQ, USM, həmçinin qanda şəkərin təyini aparılıb, pasiyentlərə tövsiyələr verilib.
Müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicə təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Keçirilən tədbirin məqsədi cənub bölgəsində şəhid və qazi ailələrində ürək-damar xəstəliklərini vaxtında aşkar etmək, onların müayinə və müalicəsini təmin etməklə bərabər bölgə həkimlərini kardiologiyada olan son nailiyyətlər və yeniliklərlə tanış etməkdir.