Cəlilabadda ovçuluq təsərrüfatında yanğın baş verib VİDEO
Cəlilabad, 21 sentyabr, AZƏRTAC
Cəlilabad rayonunun ərazisində yerləşən “Zəvvar” ovçuluq təsərrüfatında baş verən yanğın davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğının söndürülməsi və ərazidə alovun yayılmasının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar.
Yanğınla mübarizə tədbirlərinə əlavə olaraq bir texnika da cəlb edilib. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
İlkin məlumata görə, yanğın nəticəsində təsərrüfatın ərazisində təxminən 3,5 hektar sahədə quru ot və kol-kos yanıb.
Küləkli hava şəraiti alovun ərazidə yayılmasına şərait yaratdığından yanğının söndürülməsini çətinləşdirir.
Hazırda yanğının tam söndürülməsi və alovun digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
Müxbir - İlkin Adıyev