Cəlilabadda vətəndaşların qaz təchizatı ilə bağlı problemləri dinlənilib
Bakı, 26 oktyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin sayca 23-cü “Açıq mikrofon” aksiyası baş tutub.
İB-dən AZƏRTAC-a bildirilib ki, bu dəfə səyyar qəbul otağı Cəlilabad rayonunun Cavadxan küçəsində təşkil olunub. Bu küçədə yaşayan sakinlərin sosial şəbəkə vasitəsilə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevə ünvanladıqları çoxsaylı müraciətlər aksiyanın həmin ünvanda keçirilməsini vacib etdi. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından istifadə edərək, öz problem və təkliflərini səsləndiriblər. Onlar son günlər hava şəraitinin kəskin şəkildə dəyişdiyini, qış mövsümünün yaxınlaşdığını bildirərək mavi yanacağın olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Səyyar qəbul otağının imkanlarından ətraf kəndlərdə yaşayan vətəndaşlar da istifadə ediblər. Onlar da aksiya təşkil olunan ünvana üz tutaraq mövcud problemlərini bildiriblər. Ünvanlanan hər bir müraciət qeydə alınıb.