Cəlilabadın Bəcirəvan kəndində şəhidlərin xatirəsinə abidə-kompleks inşa olunub
Cəlilabad, 27 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunun Bəcirəvan kəndində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanların - Qafarov Rəşid Əlisəfa oğlunun, Nadirov Nicat Hüseyn oğlunun, Rzayev Elşən Dadaş oğlunun, Abasov Ayaz Nizami oğlunun, İsayev Təbriz İsabala oğlunun, Şərifov Mirnağı Qasım oğlunun və Hüseynov Fərid Fətəli oğlunun şərəfinə inşa edilmiş abidə-kompleksin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən cəlilabadlı döyüşçülərin həm Birinci Qarabağ, həm də Vətən müharibələrində göstərdikləri qəhrəmanlıqlardan, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar.
Qeyd edilib ki, məhz onların döyüş əzmi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunub.
Mərasim iştirakçıları abidə-kompleksin önünə gül dəstələri düzüb, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunmasında qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış döyüşçülərin xatirəsini ehtiramla anıblar.