CƏMİYYƏT “KÜÇƏ UŞAQLARI” PROBLEMİNİ HƏLL ETMƏLİDİR
“İSR PLASA” mehmanxanasında “Azərbaycanda “küçə uşaqları” problemi və onun həlli yolları” mövzusunda konfrans keçirilmişdir. BMT-nin Əhali Fondunun Bakı nümayəndəliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Skautlar Assosiasiyası tərəfindən təşkil olunmuş konfransın işində Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, Nazirlər Kabinetinin, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Gənclər, İdman və Turizm Nazirliyinin şöbə müdiri Namiq Cəfərov çıxışında bildirdi ki, BMT-nin Əhali Fondunun köməyi ilə Azərbaycan Skautlar Assosiasiyası “Küçə uşaqları və qaçqın, məcburi köçkün ailələrindən olan uşaq və yeniyetmələrin reproduktiv sağlamlığı” mövzusunda sosioloji tədqiqat aparmışdır. Müəyyən edilmişdir ki, hazırda respublikada risk qrupuna - narkomanlar, fahişələr, dilənçilər qrupuna daxil olan 8 minədək baxımsız uşaq və yeniyetmə var. Respondentlər ağır maliyyə vəziyyətini, mənəvi dəyərlərin itirilməsini, amalların puça çıxmasını, ailə şəraitini bu halın əsas səbəbləri kimi göstərmişlər.
Konfransda xalqımıza xas olmayan statistik məlumat da gətirilmişdir: Azərbaycan 25-29 yaşlı subayların sayına görə MDB ölkələri arasında birinci yer tutur. Son illər ölkəmizdə tək anaların sayının artdığı da qeydə alınmışdır.
Konfransda “küçə uşaqları” haqqında videofilm nümayiş etdirildi, cəmiyyətimiz üçün aktual olan bu problemin həlli yolları barədə fikir mübadiləsi aparıldı.