İQTİSADİYYAT
Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyası keçirilir
Bakı, 13 may, AZƏRTAC
Cenevrədə (İsveçrə) Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) Şurasının - təşkilatın rəhbər orqanının illik sessiyası öz işinə başlayıb.
AZƏRTAC ITU-nun rəsmi saytına istinadla xəbər verir ki, mayın 22-dək davam edəcək sessiyanın gündəliyinə bir sıra məsələlərin, o cümlədən ittifaqın 2014-2015-ci illər üçün strateji fəaliyyət planının icrası, eləcə də 2016-2017-ci illər üçün büdcənin müzakirəsi daxildir.
Sessiyanın açılışında çıxış edən ITU-nun baş katibi Xoulin Çjao bildirib ki, Şuranın builki tədbiri ITU-nin Səlahiyyətli Konfransından sonra keçirilən ilk sessiyadır.
“Biz innovasiyalar və dayanıqlı yeni texnologiyalar vasitəsilə rabitə və informasiya-kommunikasiya texnologiyaları (İKT) bazarına kömək edirik. Gələcəkdə ITU heyəti ilə sıx əlaqədə işləməyi davam etdirəcəyik və biz keyfiyyəti azaltmadan səmərəliliyi artırmağa nail olacağıq”-, deyə BTİ baş katibi vurğulayıb.
Şura sədri Von Qi Mun tədbirin əhəmiyyətini vurğulayib: “Şuranın bu sessiyası bizim üçün böyük əhəmiyyət kəsb edir, çünki biz ITU-nun yaranmasının 150 illiyini qeyd edirik. ITU dünyada İKT-ni tətbiq etməklə vətəndaşların həyatını yaxşılaşdırmağa çalışır”.
Qeyd edək ki, ölkəmiz 2014-cü il oktyabrın 27-də keçirilən seçkilərdə ilk dəfə 94 səslə Şuraya üzv seçilib. Azərbaycan Şərqi Avropa və Şimali Asiya regionundan namizədliyini verən ölkələr - Polşa, Bolqarıstan, Rusiya, Rumıniya, Makedoniya və Qırğızıstan ilə rəqabət aparıb. Vakant 5 yerə Azərbaycanla yanaşı, dörd ölkə, o cümlədən Polşa, Rusiya, Rumıniya və Bolqarıstanın Şuraya üzvlüyü qəbul olunub. Ölkəmiz, həmçinin Regional Rabitə Birliyinin tarixində ITU Şurasına üzv seçilən iki ölkədən biri olub.
Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU Birləşmiş Millətlər Təşkilatının İKT sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. ITU 150 il müddətində radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunu yaxşılaşdırır və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır.