Cənnət Mustafayeva: COVID-19 infeksiyasına qalib gəlmək üçün peyvənd olunmaq çox vacibdir
Balakən, 14 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus infeksiyasına qarşı mübarizədə effektiv nəticəyə nail olmaq istəyiriksə, ilk növbədə, peyvəndləmə tədbirlərinə, gigiyena qaydalarına ciddi əməl etməliyik. Aparılan təhlillər onu göstərir ki, vətəndaşların COVID-19 infeksiyasına qarşı peyvənd olunması koronavirus pandemiyasının qarşısının alınmasında ən mühüm amillərdən biridir. COVID-19 infeksiyasına qalib gəlmək üçün peyvənd olunmaq çox vacibdir. Vətəndaşlarımız koronavirus infeksiyası ilə mübarizədə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi əməl etməlidirlər. Bu dəhşətli bəladan yalnız birgə mübarizə aparmaqla xilas ola biləcəyik.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Balakən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Ailə Sağlamlıq Mərkəzi şöbəsinin müdiri, xəstəxananın peyvənd məntəqəsinin məsul şəxsi Cənnət Mustafayeva söyləyib.
Son günlər qonşu ölkələrdə də gündəlik yoluxma sayının xeyli artdığını diqqətə çatdıran həkim bir daha rayon sakinlərini vaksinasiya prosesində fəal iştirak etməyə səsləyib: “Bunun üçün xəstəxanamızda hər cür şərait var. Peyvəndləmə prosesinə təcrübəli həkim və tibb bacıları cəlb edilib. Vətəndaşların rahatlığını təmin etmək üçün mərkəzi xəstəxana ilə yanaşı, səyyar həkim briqadaları tərəfindən hər gün üç yaşayış məntəqəsində əhalinin peyvəndlənməsi həyata keçirilir. İndiyədək peyvənd olunan şəxslərdən vaksinlərin sağlamlıqlarına əks təsiri ilə bağlı heç bir şikayət daxil olmayıb”.
Qeyd edək ki, əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi Balakən rayonunda da uğurla davam edir. Prosesə başlandığı gündən indiyədək rayon üzrə vətəndaşlara 53 min 899 doza vaksin vurulub. O cümlədən birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 31 min 727 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 22 min 172 nəfərdir.
Yaş qrupları üzrə bu günədək Balakən rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 4 min 760 doza, 50-65 yaş arasında vətəndaşlara 18 min 20 doza, 50 yaşadək vətəndaşlara isə 31 min 119 doza vaksin vurulub.