CƏNUB BÖLGƏSİNDƏ ÇƏLTİKÇİLİK İNKİŞAF ETDİRİLİR
Lənkəran Regional Aqrar Elm Mərkəzində Orta Asiya ölkələrindən gətirilən çəltik sortları sınaqdan keçirilmişdir və müsbət nəticələr alınmışdır.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu, bütün cənub bölgəsində çəltikçiliyin inkişafına təkan verəcəkdir. Lənkəranda 4 min hektara yaxın ərazidə çəltik əkininə yararlı sahə vardır. Hazırda 1500 hektarda əkin aparmaq mümkündür. Bir neçə il ərzində çəltik sahələrinin 500 hektar artırılması nəzərdə tutulmuşdur. Hektarın məhsuldarlığını 80-100 sentnerə çatdırmaqla, 4 min ton düyü götürüləcəyi proqnozlaşdırılır.
Ümumiyyətlə, yaz aylarında rayonun Səpnəkəran kəndi ərazisində çəltik sortlarının yerli şəraitə uyğunlaşdırılmasından ötrü yarım hektar sahədə əkin aparılmışdı. Uzun müddət Lənkəranda çəltik əkilmədiyindən yerli sortlar, demək olar ki, sıradan çıxmışdır. Aqrar elm mərkəzində bu istiqamətdə iş aparılır. Lənkəran düyüsünün vaxtilə dünyada məşhur olan Sədri, Həşimi növlərinin də əkilməsi nəzərdə tutulur. Təəssüf ki, yerli sortların hər hektardan məhsuldarlığı 30-40 sentnerdən yüksək olmur. Sınaqdan keçirilən çəltik sortları isə 120-140 sentner məhsul verir. Bu sortlardan alınan toxumların hesabına çəltiyin kütləvi əkininə başlanılacaqdır.
Gələn ildən Regional Aqrar Elm Mərkəzində şoran torpaqlarda duzadavamlı çəltik sortları sınaqdan keçiriləcəkdir. Bununla əlaqədar mərkəzin mütəxəssisləri BMT-nin ərzaq təhlükəsizliyi proqramı çərçivəsində Rusiyanın Krasnodar şəhərində keçirilən təcrübə seminarlarına qoşulmuşlar.
Xatırladaq ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında bu elm mərkəzinin maddi-texniki bazasının yaxşılaşdırılması xüsusi bənd kimi göstərilmişdir. Bundan ötrü 200 min manat vəsait ayrılmışdır. Bu vəsaitlə mərkəzin inzibati binası əsaslı təmir edilmiş, kompyuter və digər müasir avadanlıq alınmışdır.