Cənubi Koreya rəsmi Pxenyanın xəbərdarlığına baxmayaraq, ABŞ ilə birgə hərbi təlimlər keçirəcək
Pekin, 9 avqust, AZƏRTAC
Rəsmi Seul Koreya Xalq Demokratik Respublikasının (KXDR) xəbərdarlığına baxmayaraq, ABŞ ilə birgə hərbi təlimlərin keçirilməsində qərarlıdır.
AZƏRTAC xəbər verir ki, Yonhap agentliyinə Cənubi Koreya hökumətindəki mənbələrə istinadla belə məlumat yayıb. Mənbə əvvəlcədən planlaşdırılan komanda-qərargah təlimlərinin təşkili üçün işin davam etdiyini, bununla bağlı ABŞ tərəfi ilə sıx məsləhətləşmələrin aparıldığını deyib. Cənubi Koreya hökumətinin rəsmisi COVID-19 böhranı ilə əlaqədar budəfəki təlimdə yazda keçirilən təlimdəkindən daha az şəxsi heyətin cəlb olunacağını açıqlayıb. Təlimlərin avqustun 16-26-da keçiriləcəyi bildirilir.
Cənubi Koreyanın Müdafiə Nazirliyinin mətbuat katibi Boo Sunq-çan da təlimlərin detalları üzrə ABŞ ilə müzakirələrin davam etdiyini açıqlayıb.
Qeyd edək ki, KXDR Cənubi Koreya-ABŞ mütəmadi birgə hərbi təlimlərinə qarşı dəfələrlə etirazını bildirib. Sonuncu dəfə avqustun 1-də KXDR lideri Kim Çen Inın kiçik bacısı, hakim Koreya Fəhlə Partiyasının departament direktorunun müavini Kim Yo Conq rəsmi Seulu birgə hərbi təlimlərin iki dövlət arasında münasibətlərin bərpa prosesinə zərər vuracağı ilə bağlı xəbərdarlıq edib.
İki ölkə arasında ötən ilin iyununda dayandırılan birbaşa telefon əlaqəsi iyulun 28-də bərpa olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin