Cənubi Koreyada koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb
Pekin, 11 avqust, AZƏRTAC
Cənubi Koreyada ötən sutka COVID-19 virusuna 2223 yoluxma aşkarlanıb. Bu, Cənubi Koreyada indiyədək qeydə alınan ən yüksək yoluxma sayıdır.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzinin mütəxəssisləri virusa sutkalıq yoluxmaların çoxalmasının “delta “ştamının yayılması ilə əlaqədar olduğunu bildirirlər. Dövlət qurumlarının əməkdaşlarına koronavirus testi vermək əmr olunub.
Cənubi Koreyada avqustun 15-də Azadlıq Günü ilə bağlı keçiriləcək bayramın və ayın sonunda məktəblərdə dərslərin bərpa olunmasının sutkalıq yoluxma sayının çoxalmasına təsir edəcəyi güman olunur. Bu səbəbdən səlahiyyətli qurumlar əhaliyə bayram günlərində evdə qalmağı, kütləvi toplaşmamağı tövsiyə edib.
Qeyd edək ki, hazırda COVID-19 pandemiyasının 4-cü dalğası müşahidə olunur. Paytaxt Seul da daxil olmaqla virusun daha çox yayıldığı ərazilərdə sərt karantin rejimi tətbiq olunur.
Cənubi Koreyada COVID-19 virusu əleyhinə vaksinasiya da davam edir. İndiyədək 21,63 milyon nəfər (ölkə əhalisinin 42,1 faizi) peyvəndin birinci dozasını, 8 milyon nəfər isə (15,7 faiz) ikinci dozanı qəbul edib. Vaksinasiyada ikidozalı “AstraZeneca”, “Pfizer” və “Moderna”, habelə birdozalı “Janssen” vaksinlərindən istifadə olunur.
Hökumət sentyabrın sonunadək ölkə əhalisinin 70 faizini peyvəndləməyi hədəfləyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin