DÜNYA
Cənubi Koreyada meşə yanğınlarına görə 6 min nəfər təxliyə edilib VİDEO
Pekin, 5 mart, AZƏRTAC
Cənubi Koreyanın Ulcin bölgəsində meşə yanğınları səbəbində 6 mindən çox sakin təxliyə edilib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, paytaxt Seuldan 330 kilometr cənub-şərqdə yerləşən Ulcindəki dağlıq ərazidə martın 4-də başlayan yanğın 9 min hektara yaxın sahəni əhatə edir. Bu, Cənubi Koreyada son 10 ilin ən böyük meşə yanğınıdır. İndiyədək 159 fərdi ev və 57 digər tikili yanaraq yararsız hala düşüb. Güclü külək və quru hava yanğının yayılmasına şərait yaratmaqla yanaşı, yanğınsöndürənlərin işini çətinləşdirib. Yanğının söndürülməsinə 65 helikopter, 513 yanğınsöndürən avtomobil, 7 min nəfər heyət üzvü cəlb olunub.
Yanğının ölkənin ən iri maye qaz (LNG) istehsalı kompleksinin olduğu Samçok şəhərinə keçməsi səlahiyyətli qurumlarda narahatlıq yaradıb. Ulcindəki “Hanul” atom elektrik stansiyasına (AES) yaxınlaşan yanğın nəzarət altına alınıb. Stansiyanın operatoru 5 nüvə reaktorunun generasiya potensialını 50 faiz azaldıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin