CƏMİYYƏT
“Cəsarətli” kafe: Astanada bir axşamın xatirəsi
Astana, 10 avqust, AZƏRTAC
Bir axşam Astana şəhərində gəzərkən təsadüfən yaşayış massivində yerləşən kafe diqqətimi çəkdi. Onun qeyri-adi adı var, baxmayaraq ki, biz burada, Bakıda da müştəriləri cəlb etmək üçün maraqlı adlar tapırıq. Ola bilsin ki, marketinq və PR fonunda bu metod öz bəhrəsini verir.
Kafe “doner dErzkiy” adlanırdı və onun adındakı “E” hərfi böyük yazılmışdı.
Bunu görəndə, yadıma Bakının “Əjdaha dönəri” və “Limuzin dönəri” düşdü.
Mən tez-tez bu müəssisənin yanından keçirdim, bahalıqdan qorxduğum üçün içəri girməyə cəsarət etmirdim. Bütün bunlara rəğmən, kafenin adı da anlaşılmazdır: “dadlı” deyil, “iştahaaçan” deyil, məhz “cəsarətli”dir. Bu, məni düşünməyə vadar etdi; yəqin ki, orada hər şey bahadır və dönərin dadına baxmağa getsəm, çox peşman olacağam.
Nəhayət, bir gün qərar verdim və dönəri dadmaq üçün bu “cəsarətli” yerə getdim. Məni təəccübləndirən odur ki, zirzəmidə yerləşən kafe çox rahat, təmiz və xoş atmosferə malik idi.
İçəridə “cəsarətli dönər”dən savayı, həm də isti yeməklərin də olduğunu öyrəndim və risk etməmək, başqa bir təam sifariş etmək qərarına gəldim.
Laqman sifariş etdim. Mənə çox cəlbedici görünmədi, amma dadı xoşuma gəldi.
Qazaxıstana gəlməzdən əvvəl eşitmişdim ki, burada restoran biznesi yaxşı inkişaf edib, amma bu kafeyə getməzdən əvvəl heç bir şəxsi təcrübəm yox idi.
Ümumiyyətlə, servis və yeməyin hazırlanması sürəti xoşuma gəldi.
Bundan əlavə, içkilərin verildiyi qədəhləri bəyəndim. Onlar mənə sovet modellərini xatırlatdılar, əlində tutmaq çox rahatdır. Bunları harada - evdə və ya uşaq bağçasında istifadə etdiyimizi xatırlaya bilmədim. Təəssüf ki, belə stəkanları suvenir kimi satışda tapmaq cəhdlərim uğursuz oldu.
Menyuda başqa seçimlər də var idi: köftə, ətli spagetti və sairə. Maraqlıdır ki, çörəyin pulunu ayrıca ödəyirlər, bu, yeməyin qiymətinə daxil deyil.
Qazaxıstana gəlməzdən əvvəl düşünürdüm ki, bizim Azərbaycan yeməkləri ən dadlısıdır. Amma yerli mətbəxi daddıqdan sonra anladım ki, ləzzətli yeməkləri dünyanın başqa yerlərində də tapmaq olar.
Məni ən çox təəccübləndirən iş sistemi idi: ofisiantlar yeməkləri demək olar ki, çox sakit, tez və səliqəli gətirirlər. Kafedə nə yüksək musiqi, nə də səs-küylü söhbətlər var. Siz rahat bir atmosferdə nahar edirsiniz və bu, çox vacibdir, çünki insan bəzi digər müəssisələrdə ucadan səslənən mahnılara qulaq asmaq məcburiyyətində deyil.
Yeməyimi bitirdikdən sonra QR kodundan istifadə edərək ödəniş etdim, yeri gəlmişkən, bu, çox rahatdır. Deyə bilərik ki, Qazaxıstanda olduğum iki ay ərzində mən yalnız bir-iki dəfə nağd pul ödəyən birinin QR kodu ilə ödəməyə keçdiyini gördüm. Əsas odur ki, telefonunuzda mobil internet olsun.
Müəssisədən ayrıldıqdan sonra işıq üzü görməsinə çox az vaxtın qaldığı ilk və sonuncu tarixi romanım üzərində işləməyə başlamaq üçün İşim çayına üz tutdum.
Sahilyanı ərazidə yavaş-yavaş addımlayaraq “cəsarətli dönər” haqqında yazmaq qərarına gəldim. İllər keçəcək, amma yenə də anlaşılmaz adı olan kafe, ləzzətli laqman və İşimin sahilindəki axşam mütaliəsi yaddaşımda qalacaq.
Ola bilsin ki, nə vaxtsa bu şəhərə qayıdıb yenidən “doner dErzkiy” adlı qorxunc ad daşıyan kafeyə baş çəkəcəyəm. Görəsən, uşaqlıq illərimdə istifadə etdiyim eyni rahat stəkanlar hələ də qalacaqmı? Bəlkə o vaxta qədər bu xatirələrdən ilhamlanaraq daha bir roman yazacağam?
Amma hələ ki, mən İşimdə adi skamyamda oturub tarixi romanımın dünyasına dalıram, yaradıcılıq ideyası elə sıradan bir gündə, amma buradan uzaqda, Xəzər dənizinin o biri sahilində yaranıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana