Cəzaçəkmə müəssisəsində dinləyicilərə narkotiklərin törətdiyi sosial bəlalar barədə məlumat verilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər Fondunun daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin dəstəyi ilə narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə qurumun 2 saylı cəzaçəkmə müəssisəsində azad olunma müddətinin bitməyinə az zaman qalan gənc məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə tədbir təşkil edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər Fondunun və Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə ətraflı məlumat verilib.
Sonda suallar ətrafında geniş müzakirələr aparılıb və Dövlət Komissiyasının işçi qrupunun hazırladığı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.