Cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslərlə görüş keçirilib
Naxçıvan, 20 avqust, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasında narkotik maddələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlərin icrası davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə, cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslərlə görüş təşkil olunub. Görüşdə çıxış edənlər muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərin məşğulluqlarının təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası məqsədilə yaradılan şəraitdən danışıb, bu sahədə görülən işlər və nəzərdə tutulan tədbirlər haqqında məlumat veriblər. Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.
Tədbirdə 4 nəfərin özünüməşğulluq proqramına, 2 nəfərin isə müvafiq peşə hazırlıq kursuna qeydiyyatı aparılıb.
Bu kimi tədbirlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.