ELM VƏ TƏHSİL
“ÇAĞ” ÖYRƏTİM ŞİRKƏTİNİN TƏHSİL OCAQLARI NÖVBƏTİ MƏZUNLARI İLƏ VİDALAŞIRLAR
HEYDƏR ƏLİYEV ADINA SARAYDA MƏZUN GECƏSİ
Təhsil Nazirliyi rəhbərliyinin, Milli Məclisin deputatlarının, tanınmış elm adamlarının, Türkiyədən gəlmiş qonaqların, o cümlədən “Mavi röya” serialının yaradıcı qrupunun (“Samanyolu TV) iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılmış, Azərbaycanın Dövlət himni, Türkiyənin İstiqlal marşı səslənmiş, “Çağ” Öyrətim Şirkəti təhsil müəssisələrinin uğurlarından bəhs edən sənədli film göstərilmişdir.
Təhsil naziri Misir Mərdanov məzunları təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Şirkətin baş idarə rəisi Adəm Önal, “Qafqaz” Universitetinin rektoru Əhməd Sanıç, şirkətin prezidenti Enver Özeren çıxış etmişlər. Məlumat verilmişdir ki, bu il Azərbaycan-türk liseylərini 450, “Qafqaz” Universitetini isə 135 nəfər bitirir. Ötən il Şəki, Mingəçevir, Lənkəran, Ağdaş, Quba, Əli Bayramlı, Gəncə, Sumqayıt, Dədə Qorqud, Bakı özəl türk liseylərini bitirmiş 404 məzunun 397-i müxtəlif ali məktəblərə qəbul olunmuşdur. Onların 21 nəfəri 650-dən yuxarı bal toplamışdır. Dərs ili müddətində liseylərin şagirdləri Türkiyə, Meksika, Braziliya, Qazaxıstan, Çin, Rumıniya və İspaniyada keçirilmiş beynəlxalq bilik yarışlarında Azərbaycanı təmsil edib 479 qizil, gümüş və bürünc medallar qazanmışlar.
Natiqlər ümummilli liderimiz Heydər Əliyevin təhsilə qayğısını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istedadlı gənclərə diqqətini dönə-dönə vurğulamışlar.
Bilik və idman yarışlarında fərqlənmiş lisey məzunlarına, “Qafqaz” universitetini yüksək nəticə ilə bitirmiş məzunlara mükafatlar təqdim edilmişdir.
Məzun gecəsi zəngin və maraqlı konsert proqramı ilə başa çatmışdır.