Çin şirkətlər qrupu ilə Bakı Limanı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Çinin "Guangdong” Şirkətlər Qrupu Bakı Limanı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
AZƏRTAC xəbər verir ki, “Guangdong” Şirkətlər Qrupunun rəhbəri Fang Qichaonun başçılığı ilə nümayəndə heyəti Bakı Limanında olub. Liman rəhbərliyi ilə keçirilən görüşdə “Bir kəmər-bir yol” təşəbbüsünə uyğun olaraq Orta Dəhliz çərçivəsində Bakı Limanının oynadığı mühüm rol və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Səfərin əsas məqsədi Bakı Limanının da iştirakı ilə həyata keçirilməsi mümkün olan potensial ticarət imkanlarını araşdırmaq olub.
Qeyd edək ki, 1951-ci ildə yaradılan “Guangdong” Şirkətlər Qrupu logistika və müxtəlif materialların istehsalı sahəsi üzrə ixtisaslaşıb, 200-dən çox törəmə müəssisə və 10 mindən çox işçi qüvvəsinə malikdir.