DÜNYA
Çin Xalq Siyasi Məşvərət Şurasının illik sessiyası işə başlayıb VİDEO

Pekin, 4 mart, AZƏRTAC
Pekində 13-cü Çin Xalq Siyasi Məşvərət Şurasının 5-ci illik sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ölkənin digər rəhbər şəxsləri iştirak ediblər.
Sessiyanın gündəliyi təsdiq olunduqdan sonra şuranın sədri Van Yan qurumun illik hesabatını təqdim edib.
Bir həftə davam edəcək sessiyada ölkə həyatının siyasi, iqtisadi və sosial sahələrinə dair müzakirələr aparılacaq, təkliflər hazırlanacaq.
Qeyd edək ki, Çin siyasi sisteminin vacib orqanı olan Siyasi Məşvərət Şurası Çin Kommunist Partiyasının liderliyi altında siyasi məşvərətçi orqan statusuna malikdir. Şuranın əsas funksiyaları siyasi məsləhətləşmə, demokratik nəzarət və dövlət işlərinin müzakirə və idarə edilməsində iştirakdır.
Şuranın ildə bir dəfə keçirilən sessiyası adətən martın əvvəlində, ölkənin qanunverici orqanı olan Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası ilə paralel keçirilir. Yığıncağın illik sessiyası martın 5-də başlayacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin