DÜNYA
Çində Dövlət Təhlükəsizliyi Nazirliyinin rəsmisi 33 milyon dollarlıq rüşvətə görə həbs olunub
Pekin, 18 noyabr, AZƏRTAC
Çinin 234 milyon yüən (təxminən 33 milyon ABŞ dolları) məbləğində korrupsiya əməllərində şübhəli bilinən Dövlət Təhlükəsizliyi Nazirliyinin keçmiş yüksəkvəzifəli rəsmisi Liu Yanpinin məhkəmə prosesi başlayıb.
AZƏRTAC xəbər verir ki, sabiq məmur 2001-2022-ci illərdə müxtəlif vəzifələrdə çalışarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bəzi şəxslərə rüşvət müqabilində biznes fəaliyyəti üçün dəstək verib, bundan başqa, işədüzəltmə və avtomobillər üçün dövlət nömrə nişanlarının alınması üçün külli miqdarda nağd pul və qiymətli hədiyyələr əldə etməkdə ittiham olunur. Çançun şəhər xalq məhkəməsində keçirilən iclasa prokurorlar qeyd olunan əməllərə aid sübutlar təqdim edib.
Liu Yanpin yekun sözündə özünü təqsirkar bildiyini deyib. Məhkəmənin qərarı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, 67 yaşlı Liu Yanpin 2011-ci ildən 2013-cü ilədək dövlət təhlükəsizliyi nazirinin müşaviri, ondan sonra isə nazir müavini işləyib. O, Dövlət Təhlükəsizliyi Nazirliyində intizam təftişi və nəzarət qrupuna rəhbərlik edib.
Si Cinpin 2012-ci ildə Çin Kommunist Partiyasının rəhbəri seçildikdən sonra ölkədə korrupsiyaya qarşı genişmiqyaslı kampaniyaya başlayıb. Ötən müddətdə yüksək vəzifəli şəxslər də daxil olmaqla on minlərlə məmur müxtəlif formada cəzalandırılıb. Çin Kommunist Partiyasının oktyabrda keçirilmiş və Si Cinpinin 3-cü dəfə partiya rəhbəri seçildiyi 20-ci qurultayı ərəfəsində bir neçə yüksəkvəzifəli şəxs korrupsiya əməllərinə görə məhkəmə tərəfindən təqsirli bilinib. Bir müddət əvvəl Çinin ictimai təhlükəsizlik (daxili işlər) nazirinin keçmiş müavini Sun Licün 96 milyon dollarlıq korrupsiya əməllərinə görə məhkəmənin qərarı ilə edam cəzasına məhkum edilib. Korrupsiya əməllərində təqsirli bilinərək ölüm cəzasına məhkum edilmiş şəxslərdən biri sabiq ədliyyə naziri Fu Cenhuadır. Bundan başqa, Çin Kommunist Partiyasının Ciansu vilayəti daimi komitəsinin üzvü Van Likı haqqında da edam hökmü verilib. O, cinayətkar qruplara himayədarlıq edərək, sənəd saxtalaşdırılması və digər qanunsuz əməllər törədərək 63 milyon dollar əldə edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin