Çində koronavirusdan ölənlərin sayı 170 nəfərə çatıb VİDEO
Pekin, 30 yanvar, AZƏRTAC
Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 7 min 742, bu virus səbəbindən ölənlərin sayı isə 170 nəfərə çatıb.
AZƏRTAC Çin Dövlət Səhiyyə Komissiyasının məlumatına istinadla xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 12 min 167 nəfərə çatıb. İndiyədək 130 nəfər sağalaraq xəstəxananı tərk edib.
Yoluxma hallarının 4 min 586-sı və ölüm hallarının 162-si virusun aşkarlandığı Xubey vilayətində qeydə alınıb.
Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiyada ümumilikdə 77 nəfərin virusa yoluxması təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Xubey sakinləri, ya da bu yaxınlarda Xubeydə səfərdə olanlardır.
Qeyd edək ki, koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin