DÜNYA
Çində koronavirusla əlaqədar məktəblərdə yaz semestrinin başlaması təxirə salınıb
Pekin, 23 yanvar, AZƏRTAC
Çində yayılan və bir neçə nəfərin ölümünə səbəb olan koronavirusun yeni növü (2019-nCoV) ilə mübarizə tədbirləri çərçivəsində Xubey vilayətinin orta təhsil məktəblərində yaz semestrinin başlaması təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətinin təhsil departamenti məlumat yayıb. Departamentin açıqlamasında vilayətin orta məktəblərində dərslərin dəqiq nə vaxt başlayacağı bildirilmir. Builki tədris planına əsasən, Çin təhsil sisteminə aid bütün məktəblərdə yaz semestri fevralın 16-da başlamalıdır.
Qeyd edək ki, yanvarın 22-də Çin Təhsil Nazirliyi ölkədə virusun yayılması ilə əlaqədar bütün təhsil müəssisələrinə fövqəladə plan hazırlamağı tapşırıb. Yerli təhsil qurumlarına epidemik vəziyyətin daha ağır olduğu bölgələrdə virusun yayılma vəziyyətini qiymətləndirərək hazırkı qış tətilindən sonra dərslərin başlama vaxtını müəyyən etməklə bağlı göstəriş verilib. Artıq məktəblər şagirdlərin koronavirusun ən çox yayıldığı və bütün ölüm hallarının baş verdiyi Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərinə səfər etmələrini müəyyənləşdirməyə başlayıblar. Məktəblərə virusla mübarizəyə hazır olmaq, profilaktik tədbirləri həyata keçirmək tapşırılıb.
Qeyd edək ki, Çində vəhşi heyvanlardan yayıldığı yəqin edilən koronavirusun indiyədək aşkar olunmamış növünə yoluxanların sayı 620-yə çatıb. Bu virus səbəbindən ölənlərin sayı isə 17-dir. Çinin materik hissəsi ilə yanaşı, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, Tailandda, Cənubi Koreyada, Yaponiyada və ABŞ-da bu virusa yoluxma qeydə alınıb. Həmin şəxslərin hamısı ya Uxan sakinləri, ya da bu yaxınlarda Uxana səfər edənlərdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin