Çingiz Aytmatovun romanlarında şərq motivləri araşdırılıb
Bakı, 13 may, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Lalə Əhmədovanın “Çingiz Aytmatovun romanlarında şərq motivləri, sosial-siyasi mühit və insan faciəsi” adlı məqaləsi Qazaxıstanın R.Süleymenov adına Şərqşünaslıq İnstitutunun “Kazakstan şığıstanuı” (“Qazaxıstan şərqşünaslığı”) jurnalında dərc olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məqalənin əsas məqsədi Azərbaycan–Qırğız ədəbi əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə vermiş görkəmli yazıçı Çingiz Aytmatovun romanlarında şərq motivlərini, sosial-siyasi mühiti və insan faciəsi mövzusunu araşdırmaq, həmçinin onların bədii-fəlsəfi əhəmiyyətini üzə çıxarmaqdır. Şərqşünas-alim araşdırması nəticəsində belə qənaətə gəlir ki, Aytmatovun romanlarında şərq mədəni ənənəsi gerçəkliyin dərin sosial-fəlsəfi təhlili ilə üzvi şəkildə birləşir. Məqalədə yazıçının qəhrəmanların taleyi vasitəsilə mürəkkəb tarixi və ictimai mühitdə insan faciəsini açıb göstərdiyi, mənəvi dəyərlərin, milli yaddaşın və humanist idealların qorunmasının vacibliyi vurğulanır.