“Code for Future” layihəsinin iştirakçıları olan tələbələrlə görüş
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Code for Future” layihəsinin 4-cü mövsümünün iştirakçıları olan tələbələrlə görüş keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, “Code for Future” layihəsi 2021-ci ildən Pedaqoji Universitetdə icra olunur. Layihənin məqsədi gənc müəllimləri informatika fənninin innovativ şəkildə tədrisinə hazırlamaq və onların peşəkar inkişafına dəstək olmaqdır.
Tədbirdə çıxış edən ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva tələbələri layihədə fəal iştirak etməyə səsləyib. Prorektor bu cür təşəbbüslərin tələbələrin akademik və peşəkar inkişafına töhfə verəcəyini deyib. O, xüsusi olaraq bu tədris ilindən etibarən “Code for Future” layihəsini uğurla başa vuran tələbələr üçün universitet tərəfindən “Lütfi Zadə təqaüdü”nün təsis olunduğunu açıqlayaraq, bu təqaüdün istedadlı gənclərin elmi potensialını stimullaşdırmaq məqsədi daşıdığını vurğulayıb.
Tədbirdə Nəzrin Əliyeva rəhbəri olduğu “Code for Future” layihəsinin məqsədi, ötən tədris ilinin nəticələri, builki tələbələrdən gözləntilər və layihə çərçivəsində planlanlardan bəhs edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
“Code for Future” layihəsi çərçivəsində cari tədris ilində “Python” kursunun genişləndirilməsi və “MİQ” kursuna kurikulum dərslərinin əlavə edilməsi nəzərdə tutulub.