Coğrafiya İnstitutunda YAP Yasamal rayon təşkilatının sədri ilə görüş
Bakı, 27 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin institut kollektivi ilə görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a Coğrafiya İnstitutundan məlumat verilib.
Baş direktor Emin Zakirov çıxış edərək YAP-ın qurucusu, Ulu Öndər Heydər Əliyevin partiyanı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələrin bu gün artıq yerinə yetirildiyini diqqətə çatdırıb. Bunlar ölkədə ictimai-siyasi sabitliyin bərpası, dövlətçiliyin möhkəmləndirilməsi, müstəqil siyasətin aparılması, ən əsası isə ərazi bütövlüyümüzün təmin edilməsi və s. ilə bağlı məsələlərdir.
Müəssisə rəhbəri institut əməkdaşlarını daha fəal olmağa, YAP-ın ilk ərazi təşkilatının fəaliyyətində yaxından iştirak etməyə çağırıb.
Bəxtiyar Nəbiyev çıxışında Azərbaycanın perspektiv inkişafında mühüm rol oynayan və ölkənin gələcək prioritet məqsəd və vəzifələrini müəyyənləşdirən Yeni Azərbaycan Partiyasının daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail olduğunu və siyasi təşkilat olaraq daha da gücləndiyini diqqətə çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərini birbaşa nəzarətdə saxlaması həmin prosesdə uğurun başlıca təminatıdır.
Görüşdə çıxış edən şöbə müdiri professor Rza Mahmudov, elmi işçi Kamran Ramazanlı və YAP-ın İnstitut ilk ərazi təşkilatının sədri Məhbubə Fətullayeva ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatların həyata keçirildiyini, vətəndaşların rifahının yaxşılaşdırılması üçün mühüm işlər görüldüyünü qeyd ediblər.