CƏMİYYƏT
COVID-19 əleyhinə Vaksinasiyaya dəstək layihəsi çərçivəsində görülən işlər üzrə məlumat vərəqəsi təqdim edilib
Bakı, 16 avqust, AZƏRTAC
Avropa İttifaqının (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi olan COVID-19 əleyhinə Vaksinasiyaya dəstək layihəsi çərçivəsində görülən işlər üzrə məlumat vərəqəsi təqdim edilib. Layihə çərçivəsində COVID-19 pandemiyası ilə mübarizə və rutin immunlaşdırma tədbirlərinin gücləndirilməsi məqsədilə müxtəlif istiqamətlərdə milli səhiyyə tərəfdaşlarına texniki dəstək göstərilir.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, bu məqsədlə 1800 vaksinator, 2 min 900 həkim və tibb işçisi, habelə tibb kolleclərinin müəllimləri vasitəsilə 3 mindən artıq tibb tələbəsinə COVID-19 peyvəndləri ilə bağlı ən son məlumatlar çatdırılıb. Qısa müddət ərzində “OpenWHO” onlayn təlim platformasında azərbaycanlı tibb işçiləri tərəfindən qeydiyyatdan keçilən kursların sayı 10 dəfə artaraq 18 minə çatıb.
Layihənin həyata keçirildiyi ilk ildə 300 peyvənd soyuducusu, enerji stabilizatoru və temperatur monitorinqini təmin edən cihaz, o cümlədən 122 peyvənd daşıyıcısı, 102 kompüter, 79 printer və 79 enerji qaynağı cihazı (UPS) milli tərəfdaşlara təhvil verilib. Eyni zamanda, infeksiyanın qarşısının alınması və nəzarət mexanizminin gücləndirilməsi məqsədilə bölgələrdə yerləşən səkkiz peyvəndləmə məntəqəsində dəyərləndirmə aparılaraq müvafiq tövsiyələr verilib.