COVID-19: Fransada sanitar vəziyyətlə bağlı konfrans keçirilib
Paris, 12 avqust, AZƏRTAC
“Delta” ştamına görə Fransada sanitar vəziyyət daha da çətinləşib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ölkə Prezidenti Emmanuel Makron Sanitar Müdafiə Şurasının videoformatda keçirilən konfransında deyib. Nazirlərin iştirak etdiyi konfransda maska taxmaq, eləcə də COVID-19 virusuna qarşı peyvənd edilməsi məsələləri müzakirə edilib. Qeyd olunub ki, epidemiyaya yoluxma hər 100 min nəfərə 200-dən çox olduğu təqdirdə maska taxmaq məcburi olacaq. Ölkənin 30-dan çox departamentində yoluxma həddinin bu göstəricidən çox olduğu bildirilib. Sentyabrın ortalarından risk kateqoriyasından olanlar üçün 3-cü doza peyvənd kampaniyası başlayacaq.
Müdafiə Şurasının videokonfransında Fransanın bir çox departamentlərində epidemiya ilə mübarizə tədbirlərinin möhkəmləndiriləcəyi, böyük ticarət mərkəzlərinə daxil olmaq üçün sanitar pasportlar tələb olunacağı vurğulanıb. İctimai yerlərdə sanitar pasport tələbi ilə yanaşı maska taxmaq da tələb ediləcək.
Cari ilin oktyabr ayının ortalarından COVID-19 testlərinin pullu olacağı diqqətə çatdırılıb. Fransanın bir çox dənizaşırı ərazilərində avqustun 12-dən sanitar fövqəladə vəziyyət elan edilib. Bildirilir ki, Antil, Qvadelup və Martinikdə sanitar vəziyyət kəskin şəkildə ağırlaşıb, təcili yardım çağırışları 10 dəfə artıb.
Ölkədə xəstəxanalarda, xüsusilə də reanimasiya şöbələrində koronavirus xəstələrinin sayının artması böyük narahatlıq doğurub. Epidemiyaya görə “qırmızı zona” elan edilmiş ölkələrdən gələnlərə Fransa sərhədləri tam bağlı olacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris