DAHİ HACIBƏYOVUN MUSİQİSİ NİAQARADA SƏSLƏNƏCƏK
Niaqara sahillərindən daha bir şad xəbər alınmışdır. Ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinə göndərilən məktubda deyilir ki, iyulun 24-də başlanan Niaqara festivalının direktorluğu İsmayıl Hacıyevin təklifi ilə razılaşaraq, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Motsart mövzularında fantaziya” əsərini də qala-konsertin proqramına daxil etmişdir. Üstəlik, festival Hacıbəyovun bu əsəri ilə açılacaqdır.
Əlbəttə, məktub ölməz Hacıbəyovun 120 illiyini geniş qeyd edən ölkəmizdə ürəkdən dəstəkləndi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu xəbəri fərəhlə qarşıladı, nazirliklə festivalın direktorluğu arasında saziş imzalandı. Sənədə əsasən, festivalda Üzeyir Hacıbəyovun əsəri ifa ediləcək və buna maliyyə yardımı göstəriləcəkdir.
Dünya şöhrətli bəstəkarımız “Motsart mövzularında fantaziya”nı 1932-ci ildə xalq çalğı alətləri orkestri üçün bəstələmişdir. Yeri gəlmişkən, Dmitri Şostakoviçin şagirdi, görkəmli bəstəkar Cövdət Hacıyevin oğlu İsmayıl Hacıyev onu kiçik simfonik orkestr üçün uyğunlaşdıraraq, Fantaziyanın ifası zamanı “çaharğah” tərzində muğam üçlüyünə yer vermişdir. Söz yox ki, bu, əsərin milli koloritini daha da gücləndirəcəkdir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, ilk növbədə, onun sədri Nazim İbrahimov muğam üçlüyünün Kanadaya göndərilməsi qayğısına qalmışdır.
İsmayıl Hacıyev və qardaşı Mikayıl Azərbaycan milli Konservatoriyasının rektoru Səyavuş Kərimi ilə birlikdə daha bir maraqlı təşəbbüs - Niaqarada Şimali Amerika festivalı çərçivəsində Azərbaycan musiqisi günü keçirmək təşəbbüsü irəli sürmüşlər.
Ümidvarıq ki, bu niyyət də baş tutacaqdır. Ona da əminik ki, təşəbbüsün gerçəkləşməsində Hacıyev qardaşlarının yaratdıqları və həmkarlarının dəstəklədikləri Azərbaycan Beynəlxalq Universal Mədəni Dəyərlər Mərkəzi yardımçı olacaqdır. Axı, Mərkəzin bütün fəaliyyəti Vətənimizin paytaxtı Bakını yaxın illərdə dünyanın əsas mədəniyyət ocaqlarından birinə çevirməyə, Şərq və Qərb sivilizasiyalarının mədəni inteqratoru kimi Azərbaycanın tarixi missiyasının dirçəldilməsinə yönəldilmişdir. Odur ki, Mərkəzin devizi belədir: “Şərq-Qərb. Qərb-Şərq. Mədəniyyətlərin birləşməsi vasitəsilə ümumi sülhə doğru”. Azərbaycanın, Azərbaycan diasporunun ən yaxşı və qeyrətli qüvvələrini, görkəmli musiqiçiləri və zəmanəmizin mədəniyyət liderlərini ətrafında sıx birləşdirən Mərkəz öz məqsədlərinə, şübhəsiz, nail ola biləcəkdir.