Damaqları dadlandıran peşə - aşpazlıq
Bakı, 14 fevral, Aysel Azad, AZƏRTAC
Yemək bişirmək harmoniyanı, xoşbəxtliyi, gözəlliyi, sehri, yumoru, mədəniyyəti - zövqü çatdırmaq üçün istifadə edilə bilən bir dildir. Bu dəfə minillik aşpaz peşəsindən danışacağıq. Yeməyin təqdimatı, cəlbediciliyi də aşpazdan asılıdır. Axı yeməkdə təkcə dad deyil, həm də qoxu və iştahaaçan görünüş də vacibdir.
AZƏRTAC-ın əməkdaşları aşpazlıq sənətinin öyrədildiyi Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olublar.
Aşpazlar maraqlı və yaradıcı işlə məşğul olmaqla yanaşı, insanlar üçün çox vacib bir işi öhdələrinə götürürlər. İstər hərfi, istərsə də məcazi mənada heç vaxt ac olmayan aşpazlara hər bir iaşə müəssisəsində ehtiyac var. Ən əsası bu peşədə yaş məhdudiyyəti yoxdur. Yeməyin hazırlanması prosesində aşpaz reseptə və tövsiyə olunan texnologiyalara riayət etməlidir. Lakin lazım gələrsə, yaradıcı ola, özünəməxsus resept yarada bilər.
Mərkəzdə aşpazlığı tədris edən Kifayət Mustafayeva aşpazlığın ən öndə gedən peşələrdən biri olduğunu deyir. Onun sözlərinə görə, bu sahədə təhsil alan tələbələr olduqca həvəsli və istedadlıdırlar: “Mərkəzdə 25 ildir aşpazlıq tədris olunur. 9 illik və 11 illik təhsildən qəbul olan tələbələrimiz 15-60 yaş aralığındadırlar. Onların arasında aşpaz olaraq fəaliyyət göstərib diplom almaq üçün gələnlər də yer alır. Dərslər gündüz və axşam olmaqla iki növbədə keçirilir. Tələbələrimiz həm də beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil ediblər. Türkiyədə keçirilən “Qızıl şah” yarışmasında qızıl, gümüş və bürünc medal qazanıblar. Həmçinin “WorldSkills Azerbaijan” platforması "CÂSÂ" Kulinariya Mərkəzində aşpazlıq üzrə təlim-təcrübə proqramında iştirak edən tələbələrimiz var”.
Kifayət Mustafayeva bildirir ki, onların sahəsinə tələbat olduğu üçün iş həmişə var: “Ölkəmizdə turizm sahəsi geniş inkişaf edib. Gələn qonaqlar gözəl təamlarımızı dadmalıdır ki, bizim mətbəxlə tanış olsunlar. Əmək bazarında əl qabiliyyəti olana tələbat var. Əməkdaşlıq etdiyimiz restoranlar var ki, artıq ikinci kurs tələbələrimiz orada çalışır”.
Öz sahəsi üzrə çalışan tələbələrdən biri 15 yaşlı Atabala Əliyevdir. Uşaqlıqdan aşpazlığa meyli olan bu gənc restoranlardan birində milli yeməklərimizi hazırlayır: “İlk dəfə 8 yaşımda kükü hazırlamışdım. Amma zaman keçdikdə mətbəxə marağım artdı. Xüsusilə aş çeşidləri hazırlamağı sevirəm. Bundan sonra Avropaya gedib mətbəximizi orada təmsil etmək istəyirəm”.
16 yaşlı Fatimə İsgəndərovanın mətbəxdə ilk təcrübəsi uğursuz olsa da, hazırda dadlı yeməklər bişirə bilir. İşinin peşəkarı olmağı arzulayan Fatimə milli yeməkləri, xüsusilə də yarpaq dolmasını hazırlamağı sevir.
Fəridə Məcidova da deyir ki, evdə də yeməklərin bişirilməsi daha çox onun öhdəliyindədir. O, milli yeməklərlə yanaşı, fəstfud yeməklərini hazırlamağı daha çox sevir.
17 yaşlı Aygün Quliyeva isə daha çox xəmir yeməkləri hazırlamağa üstünlük verir. Deyir ki, ən dadlı hazırladığı yemək mantıdır.
Aşpazlar həmişə lazım olacaq. Bu peşə həm kişilər, həm də qadınlar üçün çox uyğundur. Düzdür, məşhur aşpazlar arasında qadınların sayı çox azdır. Görünən odur ki, aşpazlar yaradıcı insanlardır.