Danimarka dünyanın ən rəqabətqabiliyyətli iqtisadiyyatı olan ölkə adlandırılıb
Stokholm, 16 iyun, AZƏRTAC
Danimarka dünyanın ən rəqabətqabiliyyətli iqtisadiyyatı olan ölkə adlandırılıb.
AZƏRTAC xəbər verir ki, İsveçrənin IMD Biznes məktəbinin tərtib etdiyi dünya rəqabət qabiliyyətliliyinin növbəti reytinqində Danimarka İsveçrəni geridə qoyaraq ötən il qərarlaşdığı pillədən birinci yerə yüksəlib.
2022-ci il reytinqinin tərtibatçıları keçən ili əhatə edən bir çox mənbədən alınan 163 etibarlı məlumatı təhlil edərək 63 ölkənin iqtisadi rəqabət qabiliyyətini ölçüblər. Bunlara ticarət palataları, dövlət qurumları və universitetlərin rəyləri də daxil olmaqla 56 qlobal qurum tərəfindən toplanmış sorğular əlavə edilib.
Əldə olunmuş məlumatlara əsasən, Danimarka düzgün və çevik siyasət, davamlılığa dəqiq istiqamətlənmə və inkişaf etmiş korporativ sektorun təzyiqi sayəsində dünyanın ən rəqabətqabiliyyətli iqtisadiyyatı olan ölkə seçilib. Bundan əlavə, son bir il ərzində Danimarka beynəlxalq investisiya göstəricilərini yaxşılaşdırıb və hökumətin səmərəliliyində, xüsusən də institusional strukturunda, kommersiya qanunvericiliyində və sosial strukturunda yaxşı nəticələr göstərib. Krallıq, həmçinin biznesin səmərəliliyi, idarəetmənin məhsuldarlığına dair əla nəticələr göstərərək bütün bu meyarlar üzrə dünyada birinci yeri tutub.
Üstəlik, digər Skandinaviya ölkələrindəki kimi Danimarka iqtisadiyyatı güclü vətəndaş müdafiəsi strukturları, aşağı borc səviyyəsi və rəqəmsal tərəqqi, eləcə də turizmdən daha az asılılıq sayəsində əksər oxşar ölkələrlə müqayisədə pandemiya karantinini daha yaxşı keçirib.
Qeyd edək ki, Danimarkadan sonra ilk onluqda müvafiq olaraq İsveçrə, Sinqapur, İsveç, Honq-Konq, Hollandiya, Tayvan, Finlandiya, Norveç və ABŞ yer alıblar.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm