Daşkənddə azərbaycanlı alimlə görüş: elmi əməkdaşlıqda yeni mərhələ
Bakı, 15 may, AZƏRTAC
Özbəkistan Dövlət Dünya Dilləri Universitetində Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri professor Mayıl Əsgərovla görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Özbəkistan arasında elmi əməkdaşlığın yeni mərhələsi müzakirə olunub. Görüşün əsas mövzusu yeni yaradılan “Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi” adlı beynəlxalq qurum olub. Tərəflər mərkəzin məqsədi, idarə olunması və türk xalqlarının dilçilik sahəsində birgə fəaliyyət planlarını geniş təhlil ediblər.
Mayıl Əsgərov müəllifi olduğu “Salam, Azərbaycan!” layihəsini özbəkistanlı həmkarlarına təqdim edib. Alim 8 kitab və 1 CD-dən ibarət dərs vəsaitlərini universitetin “Azərbaycan dili” mərkəzinə hədiyyə verib.
Professor, həmçinin salamazerbaycan.az onlayn platformasının qapılarını bu universitetin müəllim və tələbələri üçün rəsmi şəkildə açdığını elan edib. İndi onlar saytdakı bütün resurslardan tamamilə pulsuz yararlana biləcəklər.
Qeyd olunub ki, layihənin yaxın gələcəkdə özbək dilinə uyğunlaşdırılması istiqamətində də birgə addımlar atılacaq.