Daşkəsən əhalisinin əksəriyyəti profilaktik tibbi müayinələrdən keçmişdir
Daşkəsən, 17 aprel (AZƏRTAC). Azərbaycan hökumətinin insan amilinin, xalqımızın rifahının əsas yer tutduğu sosial siyasətində müvafiq istiqamətdə daha yüksək irəliləyişlərə nail olmaq üçün ardıcıl tədbirlər həyata keçirilir. Şübhəsiz ki, bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində də aparılan islahatlar, ölkəmizin hər yerində fəaliyyət göstərən xəstəxanaların, poliklinikaların, tibb məntəqələrinin müasir avadanlıqla təchizi insan amilinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin kütləvi surətdə profilaktik tibbi müayinəsinə dair tapşırığı isə xalqımızın rifahının yüksəldilməsi, onun sağlamlıq durumunun daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən irimiqyaslı işlərin bariz nümunələrindən biridir.
AZƏRTAC xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da əhalinin profilaktik tibbi müayinəsi uğurla davam etdirilir. Müvafiq istiqamətdə görülən yüksək hazırlıq işlərinin nəticəsində artıq rayonun 14834 nəfər sakini tibbi müayinədən keçmişdir. Onlardan 734-ü ambulator, 40-ı stasionar müalicəyə cəlb edilmiş, 23 nəfər isə təkrar müayinə və müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
Ümumilikdə 49 yaşayış məntəqəsindən 34-də bu aksiya uğurla başa çatdırılmışdır.