Daşkəsəndə güclü külək bir sıra fəsadlar törədib
Daşkəsən, 12 avqust, Elcan Məmmədov, AZƏRTAC
Ötən gün axşam Daşkəsən rayonunda güclü külək əsməsi və qasırğa nəticəsində çoxmərtəbəli yaşayış binalarının və fərdi evlərin, sosial-inzibati binaların dam örtüyünə, yaşıllaşdırma, elektrik, rabitə və qaz təsərrüfatlarına ciddi ziyan dəyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, güclü külək şəhərin Səməd Vurğun küçəsində 17 nömrəli çoxmərtəbəli yaşayış binasının və Səməd Vurğun adına 4 nömrəli tam orta məktəbin, Quşçu qəsəbəsində çoxmərtəbəli yaşayış binasının dam örtüyünü taxta konstruksiyalarla birlikdə uçuraraq kənara atıb.
Rayon Hidrometeorologiya stansiyasından verilən məlumata görə, küləyin sürəti saniyədə 30-35 metr təşkil edib.
Baş vermiş təbii fəlakət barədə aidiyyəti qurumlara məlumat verilib. Daşkəsən Rayon İcra Hakimiyyəti daxili imkanlar hesabına dəymiş ziyanlanların aradan qaldırılması üçün müvafiq tədbirlər görür. Hazırda dəymiş ziyanların həcminin müəyyən olunması istiqamətində rayon fövqəladə hallar komissiyası tərəfindən işlər davam etdirilir.