Daşkəsəndə qanvermə aksiyası keçirilib
Daşkəsən, 15 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
Daşkəsəndə növbəti qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” publik hüquqi şəxsin və Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı, rayon icra hakimiyyətinin dəstəyi ilə keçirilən aksiyada onlarla insan iştirak edib. İdarə, müəssisə, təşkilat və xidmət sahələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri, sakinlər qana ehtiyacı olan insanların köməyinə çatmaq, onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq üçün qanvermə aksiyasına həvəslə qoşulublar.
“Respublika Qan Bankı” PHŞ-nin həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı onlardan qan analizi götürülərək əvvəlcədən müəyyənləşdirilib. Yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.