“Dastan gecələri”ndə bu dəfə “Aslan şahla İbrahim” təqdim olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” layihəsi çərçivəsində “Aslan şahla İbrahim” dastanı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.
Qeyd edək ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsidir. Bu sənət müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib. Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və onu təbliğ etmək məqsədilə həyata keçirilən layihə həm də bugünkü Azərbaycan aşıq sənətinin bədii-texniki və melopoetik xüsusiyyətlərinin zənginliyini göstərməyə xidmət edir. Layihə çərçivəsində dekabrın 25-dək müasir aşıq sənətinin tanınmış nümayəndələrinin ifasında səkkiz dastan təqdim olunacaq.
Gecədə Aşıq Kamandarın sonuncu şagirdi Aşıq Əşrəf Qəriboğlunun ifasında “Aslan şahla İbrahim” dastanı söylənilib.
Dastan tamaşaçılar tərəfindən maraqla qarşılanıb.