DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ RESPUBLİKA PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI
Respublikanın daxili işlər və prokurorluq orqanları cinayətlərin açılması, o cümlədən geniş rezonans doğuran adam oğurluqları kimi ağır hüquqazidd əməllərin, habelə istintaqdan və məhkəmədən yayınan şəxslərin tapılıb tutulması və məsuliyyətə cəlb olunması üçün daim ardıcıl iş aparırlar.
Xəbər verildiyi kimi, təkcə ötən il ərzində əvvəlki illərdə adam oğurluğu ilə bağlı törədilmiş bir çox cinayətlərin üstü açılmışdır. Bu cinayətlərin iştirakçılarından 25 nəfəri həbs edilmiş, digər 23 nəfər barəsində isə axtarış elan olunmuşdur.
Cari ildə də davam etdirilən əməliyyat-axtarış tədbirləri və instintaq hərəkətləri ilə, 1999-cu ilin dekabr ayında törədilmiş daha bir adam oğurluğu hadisəsinin üstü açılmış və külli miqdarda pul əldə etmək məqsədi ilə Binə qəsəbəsinin sakini Tofiq Hüseynovu oğurlayaraq, 13 gün girov saxlamış cinayətkar dəstə ifşa edilmişdir.
Yüksək peşəkarlıqla həyata keçirilmiş tədbirlər nəticəsində bu mütəşəkkil dəstənin səkkiz üzvü - Bakı şəhər sakinləri Müslüm Yəhyayev, Mübariz Azayev, Abil Qasımov, Tanrıverdi Süleymanov, İlham Almazov, Gəncə şəhər sakini Ülfət Xudiyev və Şəmkir rayon sakinləri - Vidadi və Nizami Qasımov qardaşları yaxalanmışlar.
Cinayətkar dəstənin digər üzvlərinin də ifşa olunması yönümündə əməliyyat-axtarış tədbirləri davam etdirilir.