Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
Bakı, 29 dekabr, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkənin bəzi şəhər və rayonlarında tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya “icaze.e-gov.az” portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayramqabağı ezamiyyə adı ilə respublikanın ayrı-ayrı bölgələrindəki istirahət zonalarına getmələri müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Verilən icazədən sui-istifadə hallarının qarşısının alınması məqsədilə nazirlik bir daha nəzərə çatdırır ki, həftənin şənbə və bazar, habelə bayram günləri xüsusi karantin rejimi tətbiq olunmuş inzibati ərazilərə giriş və ya çıxış etməyə cəhd göstərənlər karantin postlarından buraxılmayacaqlar.
DİN vətəndaşları xəbərdar edir ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonların inzibati ərazilərində, o cümlədən istirahət mərkəzlərində polis və Daxili Qoşunların hərbi qulluqçuları mütəmadi reydlər keçirəcəklər. Bu zaman iş icazələrindən sui-istifadə edərək istirahət mərkəzlərində olan şəxslər aşkarlanacağı təqdirdə, belə icazələr ləğv ediləcək, habelə onlar qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar.
Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.
DİN səbirli və anlayışlı vətəndaşlarımıza qabaqcadan təşəkkür edir.