DƏDƏ QORQUD GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 9- da Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illiyinə həsr olunmuş Respublika Dədə Qorqud günü keçirilmişdir.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının bütün türk dünyası üçün əhəmiyyətini dərk edərək, ona ikinci həyat bəxş etmişdir. Ulu öndər Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin yüksək səviyyədə bayram edilməsi üçün dövlət komissiyası yaradılması haqqında müvafiq fərman imzalamış, komissiyanın gərgin işi sayəsində 2000-ci il aprel ayının 7-dən 9-dək əbədi abidənin 1300 illik yubileyi Bakı şəhərində böyük təntənə ilə bayram edilmişdir. O vaxtdan Azərbaycanda 9 aprel Dədə Qorqud günü kimi qeyd edilir.
Bayram ərəfəsində Bakıda türkdilli dövlət başçılarının VI zirvə toplantısı keçirilirdi. Bu, bir növ, birlik, qəhrəmanlıq, şücaət amallarını təqlid edən “Kitabi-Dədə Qorqud” dastanı ideyalarının həyatda yaşadılmasının bariz nümunəsi idi.
Tədbirdə Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov, AMEA-nın müxbir üzvü, qorqudşünas Tofiq Hacıyev, cənublu soydaşımız, tanınmış alim Cavad Heyət və başqaları çıxış edərək Dədə Qorqud haqqında düşüncələrini bölüşmüşlər. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə YUNESKO xətti ilə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin keçirilməsi milli yaddaşımızı oyatmış və bizi qədim soykökümüzə bir daha bağlamışdır. Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri olan “Kitabi-Dədə Qorqud” dastanının yaranmasının 1300 illiyinin Bakı şəhərində yüksək səviyyədə qeyd edilməsini xüsusi vurğulayan natiqlər söyləmişlər ki, oğuz türklərinin tarixini əks etdirən bu dastan yüksək bəşəri ideallar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanının dünya mədəniyyəti və ədəbiyyatı tarixində xüsusi yer tutduğunu, onun yubileyinin Azərbaycan xalqının, bütün türk xalqlarının qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə olduğunu bir daha bəyan edən alimlər dastanın bundan sonra da öyrəniləcəyini bildirmişlər. Onlar Dədə Qorqudun tarixi şəxsiyyət olması, dastanın yarandığı dövrdə oğuzların adət-ənənələri, dastanın dili və yaşı barədə mülahizələrini bölüşmüşlər.
Natiqlər demişlər ki, hər boyu anlatmaqla başlayıb, alqışla qurtaran Kitabi-Dədə Qorqud dastanı dilimizin şəhd-şəkəri, inanclarımızın məhvəri, öyüd-öyünc yerimiz, beşikdən qəbirəcən oxuyub-öyrənəcəyimiz, göz bəbəyi kimi qoruyub saxlayacağımız, əbədi yaşanacaq abidədir.
Son illər Folklor İnstitutu tərəfindən “Kitabi-Dədə Qorqud” dastanının tədqiqi ilə bağlı işıq üzü görən dəyərli elmi əsərlərdən söz açan alimlər bu istiqamətdə araşdırmaların bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulamışlar.
Turkiyəli alim Necati Demir “Oğuz coğrafiyasında dastanlar və Dədə Qorqud dastanı” adlı məruzə ilə çıxış etmişdir. Natiq vurğulamışdır ki, ilk növbədə bu sırada “Kitabi-Dədə Qorqud” dakı coğrafi adlarla bağlı fikirlərə toxunmaq lazımdır. Azərbaycan adlı vətənin bugünkü yığcam xəritəsində belə “Kitabi-Dədə Qorqud” toponimikasının izləri açıq-aydın görünür.
Tədbirdə “Kitabi-Dədə Qorqud”dan örnəklər səslənmiş, institutun “İrs” folklor ansamblı maraqlı proqramla çıxış etmişdir.
######
