Dəhşətli qırğının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarını alacaqlar
Astana, 26 fevral (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfirliyinin və Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzlər İttifaqının (QAMMİ) birgə təşkilatçılığı ilə Astanada Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirmişdir.
Tədbirdə Qazaxıstanın ictimai-siyasi xadimləri, Türkiyənin bu ölkədəki səfirliyinin əməkdaşları, Qazaxıstan Xalqları Assambleyasının, Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan diasporunun fəalları, jurnalistlər iştirak etmişlər.
Mərasim iştirakçıları Xocalı faciəsi ilə əlaqədar fotosərgiyə baxmışlar. Tədbir iştirakçılarına “Xocalı - XX əsrin dəhşətli cinayəti” adlı mətbuat məlumatı paylanılmışdır.
Mərasimdə əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Şahin Əhmədov çıxış edərək faciənin tarixindən, baş vermə səbəblərindən söhbət açmış, bir gecədə Xocalı sakinlərinin qəddarlıqla qətlə yetirildiyini bildirmişdir. Diplomat Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!” kampaniyası və bu istiqamətdə dünya ölkələrində həyata keçirilən layihələr barədə geniş məlumat vermişdir. Ş.Əhmədov Xocalı soyqırımının günahkarlarının, təşkilatçılarının və icraçılarının layiqli cəzalarını alacaqlarını vurğulamış, şəhidlərin qanının yerdə qalmayacağını, onların əziz xatirəsinin həmişə yad ediləcəyini bildirmişdir.
QAMMİ-nin sədri Vidadi Salahov bildirmişdir ki, ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə bir gecədə yüzlərlə günahsız insanı - qocaları, qadınları, uşaqları qətlə yetirmiş, meyitlərin üzərində xüsusi vəhşiliklər törətmiş, mindən çox Xocalı sakinini əsir götürmüş, səkkiz ailəni tamamilə məhv etmişlər. Beynəlxalq hüquq müdafiə təşkilatları və dünya mətbuatının nümayəndələri tərəfindən sənədləşdirilmiş, XX əsrin ən dəhşətli faciələrindən hesab edilən Xocalı soyqırımına beynəlxalq səviyyədə hələ də siyasi qiymətin verilmədiyi təəssüf hissi ilə qeyd olunmuşdur.
Qazaxıstan “Nur Otan” partiyasının fəallarından Kazbek Kaskenov demişdir ki, işğalçı Ermənistanın terrorçuluq siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Beynəlxalq hüquq normalarına, BMT və ATƏT-in prinsiplərinə görə dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir. Ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir, heç bir cinayət cəzasız qalmadığı kimi, Azərbaycan xalqına qarşı olan bu cür əməlləri törədənlər də gec-tez öz layiqli cəzalarını almalıdırlar.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana